İndoneziyanın "Lion Air" aviaşirkətinə məxsus Boeing 737 MAX 8 səinişin təyyarəsinin paytaxt Cakartadakı beynəlxalq hava limanından səmaya qalxmasından cəmi bir neçə dəqiqə sonra okeana düşməsinin səbəbləri araşdırılır.
Təyyarədəki 188 nəfərin hamısı həlak olub.
Bizimaz.az: AsiaOne-a istinadən bildirir ki, Cakartadan Banka adasındakı Pankalpinanq şəhərinə JT 610 reysi ilə uçan təyyarə səmaya qalxandan 13 dəqiqə sonra radarlardan itib.
Təyyarə bu gün yerli vaxtla 06.20-də səmaya qalxmışdı.
İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Şurasının nümayəndəki Sutopo Purvo Nuqrohonun dediyinə görə, təyyarənin qalıqları və sərnişinlərin əşyaları aşkarlanıb.
Qəzada həlak olanların 181 nəfəri sərnişin, 7 nəfəri heyət üzvləridir. Həlak olanlar arasında 3 uşaq var. Avialaynerin komandirinin uçuş stajı 6 min saat idi.
Flightradar 24-ün məlumatına görə, JT 610 reysi ilə qeydiyyat nömrəsi PK-LQP olan yeni nəsil Boeing 737 MAX 8 uçub. 210 sərnişinə hesablanmış avialayner ilk uçuşunu bu ilin iyulun 30-da yerinə yetirib, "Lion Air"ə isə avqustun 15-də verilib.
Qəzanın səbəbləri hələlik dəqiq bəlli deyil. İlkin məlumatlara görə, təyyarə havaya qalxandan az sonra pilotlar dispetçerlə əlaqə saxlayaraq aeroporta qayıtmaq istədiklərini bildiriblər.
"Lion Air" İndoneziyanın ən böyük, 1999-cu ildə yaradılmış aviaşirkətidir 115 təyyarəyə malik aviaşirkət 123 istiqamətdə uçuşlar həyata keçirir.
Fəqət, uçuşların təhlükəsizliyinin təminatı ilə bağlı problemlər olduğundan "Lion Air"in təyyarələrinə Avropa Birliyi ölkələrinin hava sərhədlərini keçmək yasaqlanmışdı.
2013-cü ildə "Lion Air"in 904 reysi ilə uçan təyyarəsi Bali adasındakı Nqurah-Ray aeroportuna enərkən dənizə düşmüşdü. 2004-cü ildə Cakartadan səmaya qalxan və 538 reysi ilə uçan təyyarə Solo Siti şəhərinin aeroportunda yerə düşmüşdü, 25 nəfər həlak olmuşdu. 2011 və 2012-ci illərdə aviaşirkətin bir neçə pilotunun metamfetamin qəbul etdikləri bəlli olmuşdu.