İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan torpaqlarından qaçan ermənilər qaçqın statuslarının dəqiqləşdirilməsi tələbi ilə Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında etiraz aksiyası keçiriblər.
Bizimaz.az Modern.az-a istinadən xəbər veriri ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Ermənistan Respublikasının bütün hakimiyyət orqanları əvvəllər də Qarabağın tanınması məsələsinə məhəl qoymayıb və nəticədə çoxlu ərazilər itirilib. Bu gün əhali burdadırsa, onların statusu müəyyən olunmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan olan qaçqınlara 300 mənzil verilməsi ilə bağlı bəyanat imzalamışdı. Amma cəmi 108 ev verilib”, - deyə etirazçılar bildiriblər.
Ermənistan XİN-dən isə etirazçılara deyiblər ki, bəzi işçilər koronavirusla bağlı vəziyyətə görə məsafədən işləyirlər, nazir Ararat Mirzoyan isə yerində olmadığı üçün onları qəbul edə bilmir. Lakin qaçqınlara yaxın günlərdə görüş təşkil edəcəkləri söz verilib.
Bunun ardınca etiraz aksiyasının iştirakçıları BMT-nin Ermənistandakı ofisinin binasına gediblər.