Qeyd olunur ki, məhkəmənin bu gün keçirəcəyi iclasda Bransonun azad olunması barədə qərar çıxarılacaq və amerikalı keşiş yaxın günlərdə
ABŞ-a qayıdacaq. Mənbələrin dediyinə görə, məhkəmə Bransonun üzərindəki bütün ittihamları götürəcək.
Gizli razılaşmanın detalları tam bəlli olmasa da, danışıqların gedişi ilə tanış olan amerikalı məmurlar bildiriblər ki, Bransonun sərbəst buraxılmasının əvəzində
ABŞ Türkiyəyə iqtisadi təzyiqlərini azaldacağına söz verib. Bununla belə, Tramp administrasiyasında Ankaranın bu sövdələşməyə əməl edəciyinə şübhə ilə yanaşırlar. Çünki artıq bir neçə ay öncə Türkiyə keşişi azad edəcəyinə söz versə də, bunu etməyib.
Qeyd edək ki, bu gün Türkiyə Konstitusiya Məhkəməsində Endryu Bransonun sərbəst buraxılması üzrə apellyasiya şikayətinə baxılacağı gözlənilir.
Xatırladaq ki, amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və
PKK terror təşkilatları ilə əməkdaşlıqda ittiham olunur. Cinayəti məhkəmə tərəfindən təsdiqlənsə, onu 35 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir. Lakin avqustun 1-də
ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.
Avqustun 10-da isə
ABŞ prezidenti
Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin tətbiqi barədə qərar verib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunur. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb. Ümumilikdə, bu il ərzində lirə dollara nisbətdə 40 faiz ucuzlaşıb.