Bolqarıstanlı jurnalist Viktoriya Marinovanın qətlində təqsirləndirilən 21 yaşlı Severin Krasimirov ömürlük azadlıqdan məhrum edilə bilər.
Bizimaz.az: Bu barədə Bolqarıstanın baş prokuroru Sotir Tsaçarov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Qeyd edib ki, cinayətdə şübhəli bilinən Krasimirova qarşı qiyabi olaraq iki ittiham irəli sürülüb ki, onlar üzrə ömürlük azadlıqdan məhrumetməyə qədər cəza nəzərdə tutulub.
“Severin Krasimirova qarşı qiyabi şəkildə iki ittiham irəli sürülüb. Birincisi, zorlama ittihamı üzrə 10 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulub. İkinci ittiham isə xüsusi amansızlıqla və bilərəkdən cinayət törətməklə bağlıdır ki, buna görə də 15-20 il, yaxud ömürlük həbs cəzası nəzərdə tutulub” - Bolqarıstanın baş prokuroru bəyan edib.
Tsaçarov onu da bildirib ki, istintaqın indiki mərhələsində Viktoriya Marinovanın peşəkar jurnalist fəaliyyəti, yoxsa digər səbəblərdən öldürüldüyünü dəqiq təsdiqləmək mümkün deyil.
Qeyd edək ki, araşdırmaçı-jurnalist Viktoriya Marinovanın meyiti 6 oktyabrda Bolqarıstanın şimalında - Dunay çayı sahilindəki meşə zolağında tapılıb. Onun zorlandığı, daha sonra qətlə yetirildiyi məlum olub. İstintaq jurnalistin ölümü ilə bağlı bir neçə versiyanı nəzərdən keçirir. İlkin ehtimala görə, jurnalist araşdırdığı xüsusi bir işə görə öldürülüb. Onun qatili 21 yaşlı Severin Krasimirov Almaniyada ələ keçirilib. Hazırda Almaniya məhkəməsində ifadəsi alınan Krasimirovun Bolqarıstana gətirililərək cinayət məsuliyətinə cəlb edilməsi üçün prosedur davam etdirilir.