Putin və Netanyahu arasında danışıqların qarşılıqlı güzəştlər şəraitində keçəcəyini düşünürəm.
Bizimaz.az: Bunu Rusiya və İsrail rəhbərləri arasında gözlənilən görüşü şərh edən siyasi ekspert Natiq Cəfərli deyib. Ekspert Rusiya ilə İsrail arasında ikitərəfli münasibətlərə dair müəyyən anlaşmanın əldə oluna biləcəyini istisna etməyib:
“Əgər münasibətlərin düzəlməsi ilə bağlı öncədən razılaşma olmasaydı, səfər də baş tutmazdı. İsraillə Rusiyanın özəl münasibətləri var. Çünki İsrail siyasi elitasında SSRİ-dən köçənlər ciddi rol oynayır və onlar bu gün də ciddi seçici kütləsi hesab olunurlar. Keçmiş SSRİ vətəndaşlarının İsraildə kifayət qədər böyük səsvermə hüququ var. Münasibətlərin müəyyən tarixi köklərə dayandığını nəzərə alsaq, iki dövlət arasındakı əlaqələrdə müəyyən yumşalma ola bilər”.
Ekspert Putin-Netanyahu görüşündə əsasən İranın Suriyada mövcudluğu məsələsinin müzakirə olunacağını deyib:
“Bu, İsrail üçün çox önəmlidir. Çünki İranın Suriyada qeyri-rəsmi hərbi qüvvələri var. Putin-Netanyahu danışıqlarının əsas mövzusu məhz İranın qeyri-rəsmi hərbi güclərinin Suriyadan çıxarılması və bu prosesdə Rusiyanın rolu məsələsi olacaq. Çox güman ki, Rusiya tərəfi də bunun əvəzində müəyyən lobbiçilik fəaliyyəti, sanksiyaların yumşaldılması, Qərblə, əsasən də Avropa Birliyi ilə münasibətlərin düzəlməsi ilə bağlı İsrailin arxa planda olan gücündən istifadə məsələsini gündəmə gətirəcək. Yəni Putin və Netanyahu arasında danışıqların qarşılıqlı güzəştlər şəraitində keçəcəyini düşünürəm. Çünki İranın Suriyada mövcudluğunda Rusiyanın böyük dəstəyi var, üstəlik, Əsəd rejimi də İranın qeyri-rəsmi hərbi güclərinin bölgədə qalmasına ciddi maraq göstərir. Danışıqlar ağır keçsə belə, gələcəkdə qarşılıqlı maraqlar çərçivəsində müəyyən razılığın əldə olunması istisna deyil. Çünki Rusiya da anlayır ki, sanksiya rejiminin uzun müddət qalması və sərtləşməsi gələcəkdə iqtisadi və siyasi vəziyyətə daha ciddi təsir göstərə bilər. Bu mənada İsrail İranın Suriyadan çıxarılması qarşılığında Rusiyaya qarşı sanksiyaların yumlaşmasında mühüm rolu oynaya bilər”.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb.