Xəbər lenti

Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı xəbərdarlıq
 

“Ötən ilin yayından qüvvəyə minən dəyişikliklərə əsasən, texniki baxış vaxtının avtomobilin istehsal ölkəsi və növü ilə bağlılığı ləğv edildi. Hazırda qüvvədə olan qanuna Yol Hərəkəti Qaydalar haqqında qanunun 30-cu maddəsi) əsasən istənilən ölkədə istehsal olunmuş minik avtomobilinin, avtobusun, yük avtomobilinin, qoşqunun və motosikletin texniki baxış vaxtı bundan əvvəlki texniki baxış tarixi ilə bağlıdır”.

 

Bizimaz.az xəbər verir ki, bu sözləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Avtmobillərin texniki baxış vaxtı ilə bağlı edilən dəyişikliklərə aydınlıq gətirərkən deyib.

O bildirib ki, sürücülər ötən il onlara verilmiş texniki baxış talonunda göstərilən tarixə fikir verməməlidir:

“Hətta həmin talonları artıq avtomobilinizin şüşəsindən qoparıb ata da bilərsiniz. Nəqliyyat vasitəsi əvvəlki dəfə texniki baxışdan hansı tarixdə keçmişdirsə, həmin tarixin üzərinə 20 gün əlavə etməklə növbəti texniki baxışın son günü müəyyən olunur. Məsələn, ötən il 25 apreldə texniki baxışdan keçirilmiş avtomobil bu il 15 maydan gec olmayaraq texniki baxışdan keçirilməlidir. Amma istəsəniz, avtomobilinizi baxışdan daha tez, məsələn, martda, apreldə və s. keçirdə bilərsiniz.

Ona görə də əsas məsələ əvvəlki texniki baxış tarixini yadda saxlamaqdır. Əgər unutmusunuzsa, onda əvvəlki texniki baxışın tarixini belə dəqiqləşdirə bilərsiniz. Asanpay.az portalında özünüz üçün yaratdığınız elektron kabinetdə xüsusi “texniki baxış” pəncərəsinə baxmaqla (qanuna əsasən DYP hər bir sürücünün elektron kabinetinə onun nəqliyyat vasitəsinin texniki baxışdan keçməli olduğu son tarix barədə məlumat yerləşdirməlidir),bunu DYP orqanlarından (şöbələrdən, postlardan, texniki baxış məntəqələrindən), hətta yolda xidmət edən DYP əməkdaşlarından soruşa bilərsiniz və onlar Mərkəzi İnformasiya Sisteminə baxaraq texniki baxışdan keçmənin son tarixini sizə deyə bilərlər.

İlk dəfə texniki baxışdan keçiriləcək avtomobillərin texniki baxışının son tarixi ilə bağlı məsələ isə qanunvericilikdə açıq qalıb. Belə ki, minik avtomobilləri, icazə verilən maksimal kütləsi 3,5 tonadək olan yük avtomobilləri, onların qoşquları və motosikletlər ilk dəfə texniki baxışdan istehsaldan sonrakı 5-ci il, avtobuslar, icazə verilən maksimal kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və onların qoşquları isə 2-ci il keçirilməlidir. Belə hallarda əvvəlki texniki baxış olmadığına görə cari texniki baxışın son tarixini ümumi qaydada müəyyən etmək mümkün deyil. Ona görə də həmin nəqliyyat vasitələrini müvafiq (yəni 5-ci və 2-ci) ilin sonunadək (dekabrın 31-dək) texniki baxışdan keçirmək qanunauyğun sayılacaq. Lakin sürücülərə tövsiyə edirəm ki, ilin sonunu gözləməsinlər və yaxşı olar ki, daha əvvəlki aylarda öz nəqliyyat vasitələrini baxışa təqdim etsinlər. Bununla belə, qanunvericilikdə həmin məsələlərə də aydınlıq gətirilməlidir”.

Ekspert bildirib ki, texniki baxışın dövriliyi dəyişməyib:

“Minik avtomobilləri, icazə verilən maksimal kütləsi 3,5 tonadək olan yük avtomobilləri, onların qoşquları və motosikletlər - istehsal olunduğu ildən sonrakı 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Avtobuslar, icazə verilən maksimal kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və onların qoşquları istehsal olunduğu ildən sonrakı 2-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir.

Texniki baxış sürücünün yaşayış yerindən asılı olmayaraq Dövlət Yol Polisinin istənilən texniki baxış məntəqəsində keçirilə bilər.

Texniki baxışın dövlət rüsumu avtomobilin növündən və digər göstəricilərindən asılı olmayaraq eynidir – 20 manat. Qoşqular üçün isə 10 manatdır.

Ötən il edilmiş başqa bir dəyişikliyə əsasən avtomobilləri, icazə verilən maksimal kütləsi 3,5 tonadək olan yük avtomobilləri, onların qoşquları və motosikletlər texniki baxışa təqdim edilərkən onlarda hər hansı texniki nasazlıq aşkar olunsa da, texniki baxışdan keçirilməli və texniki baxış talonu verilməlidir (yəni bu halda nazaslığa görə talon verilməsindən imtina oluna bilməz). Nazaslıqlar barədə sürücüyə sadəcə bildiriş verilməli və onları aradan qaldırmaq tövsiyə edilməlidir. Lakin sürücü nəqliyyat vasitəsini eyni nasazlıqla növbəti il texniki baxışa təqdim etdikdə həmin nasazlıq aradan qaldırılmadan talon verilməyəcək.

Texniki baxış talonu kağızda deyil, elektron tərtib edilir (alın şüşəsinə yapışdırılan talon verilmir) və sürücünün elektron kabinetinə yerləşdirilir. Yalnız beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sürücülərinin xahişi ilə onlara kağızda talon verilir.

Texniki baxışdan keçməyən nəqliyyat vasitəsini idarə edən sürücü üçün 50 manat cərimə nəzərdə tutulur. Cərimə elektron qərarla, baxışdan keçməmiş nəqliyyat vasitəsi kamera ilə aşkar edildikdə də tətbiq oluna bilər. Sürücü barəsində cərimə yazıldıqdan sonra 20 gün müddətində həmin nəqliyyat vasitəsi baxışdan keçirilmədən idarə edilərsə, yenə də cərimə yazıla bilər (yəni hər 20 gündən bir cərimə yazıla bilər). Ona görə də diqqətli olun, öz nəqliyyat vasitələrinizi baxışdan vaxtında keçirin”.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov