Xəbər lenti



Ölkəmizdə su qıtlığı yaşanır. Su çatışmazlığı, o cümlədən izafi su itkisi torpaqların şoranlaşmasına, eyni zamanda, eroziya və səhralaşmaya səbəb olur, torpağın münbitlik göstəricilərinin pisləşməsinə, nəticədə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Ayrı-ayrı bölgələrdə bu problem özünü çox ciddi şəkldə göstərir. Səbəb təkcə quraqlıq deyil. Həm də aidiyyati qurumların səhlənkarlığı, əvvəlki illərdə öz fəaliyyətlərində rəvac verdikləri səriştəsizliklər və başqa neqativ hallardır.

İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilmiş müşavirədə su təsərrüfatında mövcud olan problemlər müzakirə edilərkən bütün bu məsələlərə toxunuldu. Dövlətimizin başçısı öz nitqində aidiyyati qurumlara iradlarını bildirdi. Möhtərəm Prezidentimizin çıxışından bəzi sitatların altını cızırıq:

“Qətiyyən imkan vermək olmaz ki, xərclər süni şəkildə şişirdilsin. Bütün icra ediləcək layihələr açıq tender əsasında görülməlidir. Çünki bəzi hallarda bizdə korporativ maraqlar üstünlük təşkil edir. Elə hallar var ki, bir və ya bir neçə şirkət bütün tenderlərdə qalib gəlir... Bilirsiniz bu, nəyi göstərir? Onu göstərir ki, uzun illər ərzində bu sahəyə dövlət nəzarəti olmamışdır... İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır... Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il biz vaxt itirmişik. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik...”

Sahənin cavabdeh qurumlarından biri və brincisi əlbəttə ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-dir. Onilliklərdir ki, ASC-nə rəhbərlik edən cənab Əhməd Əhmədzadə və onun yerlərdəki kadrları məlum müşavirədə səslənən iradların birbaşa ünvanədır  desək, yanılmarıq. Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, ASC-nin yerlərdəki bəzi struktur vahidlərinin rəhbər vəzifəli şəxsləri hələ də dövlət başçısının etdiyi xəbərdarlıqdan nəticə çıxarmaq fikrində deyillər.

Bu günlərdə redaksiyamıza Beyləqan Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Azim Kərimovun yarıtmaz idarəçiliyindən gileyli informasiya daxil olmuşdur. Məlumatda bildirilir ki, Beyləqanda tarixən iki – Köhnə Xanarxı və 1985-ci ildə betondan inşa olunan yeni Xanarxı kanalları mövcuddur. Rayonun mərkəzindən – Sərdar İmrəliyev küçəsindən və düz Suvarma İdarəsinin qarşısından keçən köhnə kanal Şəfəq, 1-ci Aşıqlı, 2-ci Aşıqlı kəndlərinin su daşıyıcısıdır. Redaksiyamıza göndərilən fotoşəkillərlə təsdiqlənən məlumatda qeyd olunur ki, kanal ümumiyyətlə təmizlənmir və sanitar vəziyyəti acınacaqlıdır. Adları çəkilən kəndlərin camaatı dəfələrlə idarə rəisinin üstünə gedib kanalın təmizlənməsinin vacibliyini bildirsələr də, Azim Kərimov onlara məhəl qoymur. Onlar hesab edirlər ki, kanalın vaxtaşırı təmizlənməsi adı ilə idarədə mütəmadi olaraq kağız üzərində pul vəsaiti silinir.  Su nizamlayıcı Vəliyev Araz beton kanaldan  su götürüb Mayak və Əlinəzərli kəndlərinə su vermir. Həmin kəndlərdə pambıqçılıq təsərrüfatları ziyan çəkir. Kim pul verir, su ona gedir. Kəndiçi su kanalları da təmizlənmir, hansı ki, bu təyinatla da pul yazılaraq mənimsənilir”.



Mənbə həmçinin SSİ-də ştat cədvəlində “ölü canlar”ın da olduğunu qeyd edərək bildirir ki, idarə rəisinin sürücüsü, ondan əlavə, idarənin Qasımov Musa və market işlədən Asəf adlı işçilərinin adları işdə getsə də, özləri işə gəlmirlər.

Qeyd etdiyimiz məsələlərlə bağlı idarə rəisi Azim Kərimova zəng edib münasibətini öyrənməyə çalışdıq. Kanalların təmizlənməməsi məsələsindən danışanda bildirdi ki, köhnə kanalda su yoxdur,ola bilər ki, kimsə sizə gölməcələrin şəklini göndərib.O kanal istifadə edilmir, ola bilsin, kanalın ayrı-ayrı nahiyələrinə su axıb, gölməçələr yaranıb. Təbii ki, bu cavab qaneedici deyildi. Əlimizdə fotoşəkllər olduğunu deyəndə rəis: “Yazın, şəkilləri də qoyun internetə. Mənə niyə deyirsiniz?” cavabını verdi və bağlantını kəsdi. Digər məsələlərlə bağlı suallarımızı da dinləmək istəmədi.

Azim Kərimova Prezidentin məlum 23 iyul tarixli müşavirədəki çıxışından daha bir məqamı da xatırlatmaq istəyirik: “ Vətəndaş cəmiyyəti nümayəndələri də bu işlərdə fəal olsunlar. Sizin bəlkə də görə bilmədiyiniz məsələləri onlar diqqətə çatdıracaqlar. Media nümayəndələrini cəlb edin. Hesab edirəm ki, geniş mətbuat konfransı keçirilməlidir. Ümumiyyətlə, bütün dövlət qurumları mətbuatla çox sıx əlaqədə olmalıdır. Görülmüş işlər haqqında müntəzəm olaraq məlumat verməlidirlər...”

 Dövlət başçısının bu tövsiyəsinin ardından Azim Kərimovun bizə - media nümayəndələrinə sayqısız davranışı başa düşülməzdir və görünür, arxasında duran, ona havadarlıq edən kiməsə çox güvənməsindən irəli gəlir. Yəqin, rəis indiyədək mətbu və elektron nəşrlərdə onun haqqında yazılan tənqidlərə görə hüquq-mühafizə, cinayət təqibi orqanlarından təpki görmədiyinə görə özündən müştəbehdir. İndiyədək onun qanunsuz əməlləri barədə çox deyilib, çox yazılıb. Həmin informasiyalar internet resurslarında indi də qalmaqdadır: “  Azim Kərimov Suvarma Sistemləri İdarəsi müdiri təyin olunduqdan sonra qurumu özünün şəxsi obyektinə çevirib...




Azim Kərimov Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan rayonunda yerləşən yardımçı fermer təsərrüfatına da qardaşı Hətəm Kərimovu müdir təyin edib və bu təsərrüfatda yetişdirilən qoyun-quzu qardaşların şəxsi mülkünə çevrilib. Suvarma Sistemləri İdarəsinin yardımçı təsərrüfatının 80 ha hektar ərazisi var və bu təsərrüfatda 600-dən artıq qoyun yetişdirilir. Verilən məlumata görə Hətəm Kərimov qardaşı Azim Kərimovun göstərişi ilə hər həftə mal-qara bazarına çıxararaq yardımçı təsərrüfatın quzularının satışı ilə məşğuldur.



Bundan başqa Azim Kərimov özü 100-ə yaxın qoyun alaraq yardımçı təsərrüfatda saxlatdırır. Ehtimal ki, Azim Kərimov qoyunları yetişməkdə olan Qurban bayramına hazırlayır.






Digər bir məlumatda qeyd edilir ki, Azim Kərimov təsərrüfatın 35 ha torpağında yonca əkdirir. Mənbənin verdiyi məlumata görə, təsərrüfatın yonca sahəsi mütəmadi su ilə təmin olunur. Və həmin yoncanın bir qismi Qax rayonundakı fermalara daşınır. Əraziyə yaxın əhalinin pambıq sahələri isə susuzluqdan əziyyət cəkir.Aldığımız məlumata görə Beyləqanda dövlət torpaqlarının bir qisminə də yonca əkilib. Və həmin ərazilər də sudan korluq cəkmir.

Mövzuya qayıdacağıq.

Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.

Zaur Vəliyev




15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov