Qanuna edilən dəyişikliyə görə, dayanma və ya durma qaydalarını pozmağa görə nəzarəti həm də Dövlət Yol Polisi həyata keçiricək.
Bizimaz.az Trend-ə istinadən xəbər verir ki, dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələrində öz əksini tapıb. Dəyişikliyə əsasən dayanma və ya durma qaydalarına Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi nəzarət edəcək.
Bu qurumlardan qayda pozuntusunu ilkin aşkar edən qayda pozan sürücünü məsuliyyətə cəlb edə biləcək.
Qanuna uyğun olaraq evakuasiya xidmətini də hər iki qurum göstərəcək. Belə ki, əgər sürücü dayanma-durma qaydalarını pozubsa, tıxac yaranmasına və digər hərəkət iştirakçılarının hərəkətinə ciddi şəkildə əngəl yaradırsa, maşın cərimə edən qurum tərəfindən evakuasiya olunacaq.
Qeyd edək ki, dəyişiklik yalnız 346.1 və 346.2-ci maddələrə aiddir. Digər hallarda dayanma-durmaya görə məsuliyyətə cəlb etmək səlahiyyəti yenə də olaraq Bakı Nəqliyyat Agentliyinə aiddir.