Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyəti təhlil edərək xüsusi karantin rejiminin iyunun 15-dən iyulun 1-i saat 00:00-dək uzadılmasına qərar verib.
Karantin müddətinin uzadılmasına səbəb ölkə ərazisində koronavirus infeksiyasının yayılma səviyyəsinin artmasıdır. Bu günədək 8191 nəfərdə COVID-19 testi müsbət çıxıb, onlardan 3487 nəfəri müalicəsini xüsusi rejimli xəstəxanalarda davam etdirir.
Operativ Qərargahın ölkədə karantin qaydalarının sərtləşdirilməsi barədə bu dəfəki qərarına əsasən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və Abşeron rayonu ilə yanaşı, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində yalnız fəaliyyətinə icazə verilən şəxslərin gediş-gəlişinə və ya yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün evdən çıxmağa icazə veriləcək.
Bu dəfəki məhdudiyyət ötən həftənin sonunda tətbiq edilən qərardan nə ilə fərqlənir? Ötən həftə sonu sərtləşdirilmiş karantin rejimində fəaliyyətinə icazə verilən şəxslərin yalnız fəaliyyət göstərdikləri müəssisələrin xidməti avtomobilləri ilə hərəkətinə icazə verilirdisə, bu dəfəki qərarda bu məqam nisbətən yumşaldılıb. Yəni, həmin şəxslər iş yerlərinə gedib-gəlmək üçün yalnız xidməti deyil, şəxsi avtomobillərindən də istifadə edə bilərlər. Bundan başqa, yaxın qohumunun dəfn mərasiminə qatılmaq istəyən şəxs də həmin mərasimə şəxsi avtomobili ilə gedib-gələ biləcək.
Yeni qərara görə, çörək zavodları və bu tip müəssisələrdə çalışanlar iyunun 15-də saat 16:00-dan etibarən istehsal üçün iş yerlərinə gedə biləcəklər.
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, çörək istehsal edən müəssisə işçilərinin bir gün əvvəldən işə çıxmasına icazə verilməsi növbəti iş gününə mağazalarda çörək satışının təmin olunması ilə bağlıdır:
"Ötən həftə sərt karantin günlərində ölkədə çörək təminatı ilə bağlı problem olmayıb. Lakin Operativ Qərargah qərara alıb ki, iyunun 16-da mağazaları çörəklə təmin etmək üçün iyunun 15-də saat 16:00-da çörək sexi işçiləri işə gələ bilər".
Operativ Qərargahın bu dəfəki qərarında daha bir fərqlilik ev heyvanlarının gəzdirilməsinə icazə ilə bağlıdır. Qərara görə, ev heyvanları saxlayan şəxslər həmin heyvanları sərt karantin günlərində küçəyə çıxarmaqda sərbəstdirlər. Lakin bu prosesdə vətəndaşlar sui-istifadə hallarına yol verməməlidirlər.
Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama verib. Nazirliyin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Trend-ə bildirib ki, itlərin parklarda və bulvarda gəzdirilməsinə icazə verilməyəcək:
"Bulvara gedə bilməyəcəklər. Evdə it saxlayan vətəndaş lazım olanda, iti küçəyə çıxarmaq ehtiyacı yarananda yalnız yaşadığı binanın həyətinə çıxara bilər. Bu da qısa müddətə olmalıdır. Gücləndirilmiş və sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Operativ Qərargahın verdiyi qərarın icrası ilə bağlı bütün lazımı tədbirləri alıb və alacaqdır”.