Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Milli Məclisin qəbul etdiyi qanunu imzalayıb və həmin qanun bu gündən qüvvəyə minir. Qanuna əsasən, tələb olunan yerlərdə maska taxmayan vətəndaşlar cərimələnəcəklər. Bu qaydanın qəbul edilməsində məqsəd ölkədə koronavirusa yoluxma hallarının artım tempinin qarşısını almaqdır.

 

Bizimaz.az  xəbər verir ki, maska taxılmasının mütləq tələb edildiyi məkanlar aşağıdakılardır:

1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;

1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

Qeyd edək ki, yuxarıda göstərilən məkanlarda maskasız olan şəxslər 50, 100, 200 manat həcmində cərimə olunacaq. İkinci dəfə qaydanı pozanlar üçün isə göstərilən məbləğin ikiqat həcmində, yəni 100, 200, 400 manat cəriməl nəzərdə tutulub.