Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində fəaliyyət göstərən iri ticarət mərkəzləri bu gündən öz fəaliyyətini bərpa edib. İnsanlar uzun müddətdən sonra fəaliyyətə başlayan ticarət mərkəzlərinə üz tutub.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın əməkdaşı Dənizkənarı Bulvar İdarəsi ərazisində yerləşən “Park Bulvar” Ticarət Mərkəzində olub, karantin dövründə fəaliyyətini dayandıran mərkəzin vətəndaşlara necə xidmət göstərəcəyi ilə maraqlanıb.
Ticarət Mərkəzində geyim mağazaları çalışsa da, az sayda vətəndaş gözə dəyirdi.
Karantin rejiminin yumşaldılması çərçivəsində qəbul edilən qərarlar əsasında fəaliyyətini bərpa edən iri ticarət mərkəzləri pandemiya dövründə əhaliyə necə xidmət göstərəcək?
“Park Bulvar” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Günay Novruzqızı Oxu.Az-a açıqlamasında ticarət mərkəzinin zəruri qaydalara riayət edərək fəaliyyət göstərəcəyini deyib.
O bildirib ki, ticarət mərkəzinin daxilində koronavirusla mübarizə çərçivəsində riayət olunmalı nüanslarla bağlı elanlar vurulub:
“Ticarət mərkəzləri fəaliyyətlərini bərpa edib. Buna baxmayaraq, karantin rejimi davam edir. “Park Bulvar” ticarət mərkəzinə daxil olan vətəndaşların hərarəti ölçülür. Tibbi maska və əlçəklərdən istifadə etmələri barədə məlumat verilir. Birmənalı şəkildə tibbi maskadan istifadə etməyən şəxslərin ticarət mərkəzinə daxil olmasına icazə verilmir”.
G.Novruzqızı onu da əlavə edib ki, hazırda ticarət mərkəzinin daxilində yalnız mağazalar fəaliyyət göstərir:
“Bu gün üçün uşaq əyləncə mərkəzləri, kinoteatrlar fəaliyyət göstərmir. “Park Bulvar” ticarət mərkəzinin daxilində gözəllik salonu, geyim mağazaları, bankomatların fəaliyyəti bərpa edilib”.
Vətəndaş sıxlığının müşahidə ediləcəyi istisna olunmur. Mövcud vəziyyətlə bağlı “Park Bulvar” ticarət mərkəzində dezinfeksiya tədbirləri hansı şəraitdə aparılacaq?
Mövzu ilə bağlı sualımızı cavablandıran Günay Novruzqızı ticarət mərkəzinin hər gün dezinfeksiya ediləcəyini deyib:
“Ticarət mərkəzi hər gün əməkdaşlarımız tərəfindən dezinfeksiya ediləcək. Həftədə bir dəfə isə ölkədəki xüsusi şirkətlərdən biri tərəfindən mərkəz daxilində dezinfeksiya tədbirləri həyata keçiriləcək”.
70 gün bağlı olan “Park Bulvar”dan çəkdiyimiz fotoları təqdim edirik: