Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə paytaxtın bütün rayonlarında həyata keçirilən tədbirlər davam etməkdədir.
Bizimaz.az-ın məlumatına görə, görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən mayın 30-da səhər saatlarından etibarən paytaxdakı 300-dən çox əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə artıq 4-cü dəfə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilir.
Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küşələrdə də dezinfeksiya işləri aparılır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri ciddi zərurət yaranmadığı təqdirdə həmin gün küçəyə çıxmamaları barədə bir gün əvvəl KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq dəstək verib, nazirliyin xüsusi təyinatlı avtonəqliyyat vasitələri dezinfeksiya tədbirlərində fəal iştirak edirlər.
Gün ərzində paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görəcəklər.
Bununla yanaşı, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Qeyd edilməlidir ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları yeni xüsusi təyinatlı avtonəqliyyat və digər texnika ilə təmin olunub və yaxın vaxtlarda əlavə maşın və xüsusi texnikalar Bakıya gətirilib.
Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.