Belarusun azad edilməsinə görə, Həzi Aslanovun tank briqadası Ali Baş Komandandan altı təşəkkür alıb. General-mayor Həzi Aslanov 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Lakin o, sağlığında bu mükafatı ala bilməyib. Nə üçün bu yüksək mükafat 47 ildən sonra ona təqdim olunub?

 

Bizimaz.az xəbər verir ki, Rusiyanın "Zvezda" kanalının əfsanəvi general Həzi Aslanov barədə hazırladığı sənədli filmdə bundan bəhs olunub. 

Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhərin 1 saylı orta məktəbində alıb. 1923-cü ildə atası Əhəd kişi Kərbəla ziyarətində olarkən həlak olub və orada da dəfn edilib. 13 yaşında atasını itirən Həzi atasının çalışdığı kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb.

İl yarımdan sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Zaqafqaziya hərbi hazırlıq məktəbinin məktəb rota qəzetinin redaktoru olub. Məktəb müdavimi ikən komsomol təşkilatının katibi seçilib. Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasının 15-ci süvari alayına vzvod komandiri təyin olunub.

Sonralar xidmətini 12-ci zirehli avtomobil divizionunda davam etdirib və texnikayla döyüş texnikasını öyrənib. Bir müddət sonra rota komandiri olub. Döyüş hazırlığı və siyasi hazırlıqda xidmət etdiyi rota haqqında dairə qəzetlərində müsbət məqalələr dərc olunmağa başlayıb. 1934-cü ildə hərbi hissənin Kiyev hərbi dairəsinin komandanı İona Emmanuiloviç Yakir bölmələrin və hissələrin manevrlərə hazırlığını yoxladığı zaman Həzi Aslanovun tank rotası təlimdə fərqlənib. Komandan Həzi Aslanova qiymətli hədiyyə təqdim edib və bu hadisə onun tankçı kimi ilk hərbi uğuru olub. Bu hadisədən qısa müddət sonra Həzi Aslanov Kiyevdə avtomobil batalyonuna komandir təyin olunub.

1937-ci ildə Ukrayna SSR Obruç şəhər sovetinin üzvü (deputatı) seçilib. İkinci dünya müharibəsinə qədər Sovet Ordusunda vzvod komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıcılıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışıb. Həzi Aslanova 1939-cu ilin axırlarında kapitan, 1940-cı ilin noyabrında isə vaxtından əvvəl mayor rütbəsi verilib.

Böyük Vətən Müharibəsi başlananda Həzi Aslanov Ukraynada Lvov vilayətində xidmət edib. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə Həzi Aslanovun batalyonu qeyri-bərabər döyüşə girib. 1941-ci ilin payızında cəbhənin bir sıra yerlərində - Leninqrad və Tixvin, Rostov və Krım yaxınlığında şiddətli döyüşlərdə SSRİ ordusu alman ordusuna güclü zərbələr endirib. Lakin noyabr ayının axırlarında Moskva yaxınlığında ağır vəziyyət yaranmağa başlayıb. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edib. 1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belarusu, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənib. 

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanıb, 23 saat sağ qalıb, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat edib. 

1944-cü ildə general-mayor H.Aslanov Belarus cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

 
BAKU.WS
VİDEO