Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının VII iclası çərçivəsində xarici naziri Elmar Məmmədyarov Türk Akademiyasının prezidenti Darxan Kidırali ilə görüşüb.
Bizimaz.az: Axar.az xəbər verir ki, Türk Akademiyasının prezidenti Darxan Kidırali Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşünün yüksək səviyyədə keçiriləcəyinə inandığını vurğulayıb.
Darxan Kidırali Azərbaycanın akademiyanın fəaliyyətinə hər zaman dəstək verdiyini qeyd edib. Bu xüsusda, akademiya tərəfindən həyata keçirilmiş bir sıra layihələri vurğulayıb. Onların sırasında UNESKO-da təşkil edilmiş konfranslar, həmçinin dərc edilmiş müxtəlif kitablar, o cümlədən ümumilli lider Heydər Əliyevə həsr edilmiş nəşrlərdən danışıb.
Akademiya tərəfindən Naxçıvan sazişinin 10 illik ildönümü ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşü, Nəsiminin 650 illik yubileyi, habelə Xocalı soyqırımı ilə bağlı və digər tədbirlərin təşkil edildiyi qeyd olunub və gələcəkdə həyata keçirilməsi planlaşdırılan digər layihələr haqqında məlumat verilib.
Darxan Kidırali akademiya tərəfindən çap edilmiş kitabları E.Məmmədyarova görüş zamanı təqdim edib.
E.Məmmədyarov öz növbəsində akademiya ilə mövcud olan faydalı əməkdaşlığı yüksək qiymətləndirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.