Hesab edirəm ki, martın 1-də hörmətli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ziyalılarla birgə keçirdiyi görüş tamamilə yeni bir mühit formalaşdırdı, yeni imkanlar açdı.
Bizimaz.az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün M.F.Axundov adına Milli Kitabxanada mədəniyyət və incəsənət xadimlərinin dövlət başçısı ilə görüşündə müzakirə olunan məsələlərə həsr edilmiş mətbuat konfransında deyib. Nazir bildirib ki, Tahir İmanovun və onların rəhbərlik etdiyi “Planet Parni iz Baku” komandasının fəaliyyətindən xəbərdardır:
“Onların bütün konsertlərinin təşkili üçün Heydər Əliyev Sarayında şərait yaradılır. Görüşün özündə də onların fəaliyyətinə dövlət tərəfindən məhdudiyyət qoyulmasından söhbət getmirdi. Özləri də qeyd etdilər ki, özəl televiziyalar tərəfindən onlara qadağa qoyulub. Mən özəl kanalların fəaliyyətinə müdaxilə edib birbaşa tapşırıq verə bilmərəm, tövsiyə verə bilərəm. Sırağagün onların yeni bir filmi təqdim olundu. Bu filmin təqdimatının həmin görüşlə heç bir əlaqəsi yox idi. Çünki əvvəlcədən planlaşdırılmışdı. Məsələn, biz bilirik ki, aprel ayında onların konserti olacaq. Bunlar hamısı planlı şəkildə gedir. Yəni dövlət, eləcə də Mədəniyyət Nazirliyi tərəfindən onlara heç bir məhdudiyyət qoyulmayıb. Əminəm ki, biz gələcəkdə də onlarla əməkdaşlıq edəcəyik. “Planet Parni iz Baku” komandasının üzvlərini kifayət qədər istedadlı və cəmiyyətə lazımlı insanlar kimi qəbul edirəm”.