Xəbər lenti

Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev “Vətən övladı” Qızıl ordeni ilə təltif edilib.

 


Bizimaz.az xəbər verir ki, bu il 70 yaşı tamam olan bəstəkar bu təltifə Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası” Beynəlxalq Dərgisinin qərarı ilə layiq görülüb.


Xatırladaq ki, C.Quliyev hazırda Güney Kipr Türk Respublikasında yaşayır.


Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. Orta rus məktəbini 1967-ci ildə, Şəki Musiqi Texnikumunu 1968-ci ildə bitirib. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq Fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinifini bitirib.


Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. O, ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlədib. Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.


1990-1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980 – 1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında – Bakı Musiqi Akademiyasında, 1994 – 2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən 2005-ci ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən – Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsinin professorudur.

 Modern.az
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov