Moskva diplomatik korpusunun duayeni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə Rusiya Dövlət Tretyakov Qalereyasında xarici diplomatlar üçün təntənəli qəbul keçirilib.

 

Bizimaz.az azərtac-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin və “Qazprombank”ın dəstəyi ilə təşkil olunan qəbul çərçivəsində Tretyakov Qalereyasında görkəmli rus rəssamı Vasili Polenovun sərgisi keçirilib. Sərgidə rəssamın 150-dən çox əsəri nümayiş etdirilib.

Qəbulda Rusiyada akkreditə olunan 60-dan çox ölkənin səfiri iştirak edib. Mərasimdə çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, mədəniyyət məbədi olan Tretyakov Qalereyasında müxtəlif ölkələri və qitələri təmsil edən səfirlər toplaşıb: “Bu gün bu məbəddə fikir ayrılığı, problemlər ikinci plana keçib. Birinci planda insanları bir-birinə yaxınlaşdıran mədəniyyət və incəsənətdir. Fikrimcə, bu məqam gecəmizin əsas qayəsidir”.

Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Terequlova incəsənətin insanlar arasında hər zaman körpü rolunu oynadığını vurğulayıb. Tədbirdə fəxri qonaq qismində iştirak edən Rusiya Prezident Administrasiyasının xarici siyasət idarəsinin rəisi İqor Neverov Moskvadakı diplomatik korpusun duayeni, Azərbaycan səfiri Polad Bülbüloğluna bu təşəbbüsə görə təşəkkürünü bildirib.

Təntənəli qəbul caz ustalarının musiqi proqramı ilə davam etdirilib.