Prezident İlham Əliyev Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bizimaz.az: Axar.az sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılması vəziyyətinin yaxşılaşdırılması məqsədilə Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.