Bu gün ölkənin ən nüfuzlu informasiya agentliklərindən olan Report-un 5 yaşı tamam olur. 2014-cü il oktyabrın 25-də fəaliyyətə başlayan Report bu gün güvənilən informasiya agentliklərindən biridir.
Bizimaz.az: Fikirlərini Axar.az-la bölüşən agentliyin gənc baş redaktoru Murad Əliyev hədəflərinin Report-u milli mətbuat brendi kimi dünyada tanıtmaq olduğunu deyib.
“5 il bəlkə də bir mətbuat orqanı üçün az müddət ola bilər, lakin ötən dövrdə komandamızın gördüyü işə nəzər saldıqda, qürur hissi duyuruq. Onlayn medianın bu qədər inkişaf tapdığı bir vaxtda ölkə və xarici KİV-lərin seçilən, etibarlı xəbər mənbəyinə çevrilmək üçün gecə-gündüz çalışmaq lazım gəldi. Görülən zəhmətin bəhrəsini görmək isə bizi növbəti addımlara daha da ruhlandırır.
Report-un milli mətbuat brendi kimi dünyada tanınmasına çalışırıq. Bunun üçün də kifayət qədər gənc, perspektivli kadrlarımızın olduğunu düşünürəm. Agentliyimizdə böyük təcrübəsi olan əməkdaşlarla yanaşı, jurnalistikaya yeni başlayan müxbirlər də var”, - baş direktor bildirib.
Agentliyin redaktoru Pərvin Abbasov 5 yaşlı Report-un artıq məktəb yaşını çoxdan keçdiyini düşünür:
“5 yaş, əslində, məktəbə hazırlıq yaşıdır, ancaq agentliyimiz 1 yaşından nəinki iməkləyib və gəzib, artıq məktəbə hazır idi. Çünki ilk gündən media bizə güvəndi və xəbərlərimizi tirajladı. Bu illər ərzində biz sürətimizi heç vaxt azaltmamışıq, əksinə, artırmışıq. Bu gün Report ölkənin nüfuzlu agentliklərindəndir.
Kollektivimizdə jurnalistikaya yeni atılmış gənclər də, “ağsaqqal” deyə müraciət etdiyimiz əməkdaşlarımız da var. 5 yaşımız münasibətilə xüsusilə bütün oxucularımızı təbrik edirəm. Sizə - Axar.az saytına isə bizdən və digər bütün saytlardan verdiyi xəbərlərdə istinad mədəniyyətini qoruduğuna görə xüsusi təşəkkür edirəm”.
Agentliyin müxbiri İlkin Pirəli bildirib ki, Report məktəb yaşında olsa da, keyfiyyətcə alimlik dərəcəsi almaq səviyyəsindədir:
“Agentlik yarananda tərəddüdlərimiz vardı, yəni hər kəs öz sahəsinin narahatlığını keçirirdi ki, media bazarına necə daxil olacağıq. Nəzərə alaq ki, həmin vaxt – 2014-cü ildə xeyli sayt vardı, hətta qəzetlər də müəyyən qədər aktivlik göstərirdi. Peşəkarlardan ibarət komanda ilə çıxdıq, düşünürəm nəticə əldə etdik. Doğrusu, Report-un tez bir zamanda ölkənin ən aparıcı xəbər resursları sırasında olmasını gözləmirdim. Amma nəticə gözləniləndən də artıq oldu. İş olan yerdə mütləq nəticə olmalıdır.
Bu kollektivin üzvü olmaq məsuliyyət tələb edir. Burada nahara getməmək və ya gec getmək, evə gec getmək, bayram günləri işləmək də var. Nəticə həm də buna görədir. Xəbər oldusa, hər şey ona fokuslanır. Çox az sayda media orqanı var ki, belə formalaşmış komanda ilə işləyir.
Kollektivimiz gəncdir, ona görə də qısa müddət ərzində sürətlə irəli getdi. Jurnalistika çevikliyi, operativliyi sevir. Xəbəri gecikdirmək olmaz, gecikdisə, heç bir mənası olmayacaq. Bunun da öhdəsindən gənclər gələ bilər”.
İlkin Pirəli qarşılaşdığı bəzi çətinliklərdən də danışıb:
“Bir dəfə deputatlardan birindən açıqlama almışdım, xəbər saytda çıxandan sonra həmin deputat məni 3 saat məşğul etdi. Vatsapdan şəkillər atdı ki, sayta qoyum. Şəkillər də 2003-2004-cü illərdə çəkilib. Deyirəm, müəllim, axı bu şəkillər keyfiyyətsizdir, saytın bazasında daha yaxşı şəkilləriniz var. Nə qədər israr etsə də, dediyi şəkilləri yerləşdirmədik. Gecə saat 22:00-da zəng etdi ki, daha sənə açıqlama verməyəcəm, yerləşdirdiyiniz şəkildə çox qoca düşmüşəm”.
Agentliyin müxbiri Aynur Bayramova isə 2 ildir ki, bu kollektivin üzvüdür:
“2013-cü ildən bəri müxbir kimi fəaliyyət göstərirəm, amma Report İqtisadiyyat Departamentində 2 ilə yaxın müddətdir çalışıram. Əsasən kənd təsərrüfatı, nəqliyyat, sənaye, biznes, infrastruktur sahələri üzrə ixtisaslaşmışam. Bununla yanaşı, iqtisadiyyatın digər sahələrindən də yazıram. Ümumi departamentin məqsədi oxucularını eksklüziv xəbərlərlə təmin etməkdir. Yazdığımız xəbərlərə həm ölkə daxilində, həm də xarici mediada istinadlar edilir. Bu ailənin üzvünə çevrildiyimə görə şadam”.
Axar.az-ın şanlı müxbiri, 2014-cü ildə – Agentlik yaranan vaxtda bizi “sataraq”, Report-a qaçan əziz həmkarımız Tural İbadlı deyir ki:
“Bu gün Report media bazarında öz sözünü deyir. Təbii ki, burada həm rəhbərliyimizin, həm də kollektivimizdə çalışan hər bir şəxsin rolu var. İnşallah, Report-un 50 yaşı olar və daha böyük uğurlarla qeyd edərik”.
Agentliyin müxbiri Aqşin Rafiqoğlu isə cəmi bir ildir burda çalışdığını, lakin sayt yaranandan onun oxucusu olduğunu bildirib:
“İqtisadiyyat sahəsindən yazdığım üçün bu agentlikdə dərc edilən iqtisadi xəbərləri izləyirdim. Bununla da bu agentliyin daimi oxucusuna çevrilmişdim. Ancaq Report fəaliyyətə başlayandan onun demək olar ki, bütün əməkdaşları ilə tanışlığım, dostluğum vardı. Hətta böyük əksəriyyətini daha əvvəl tanıyırdım və illərə söykənən dostluğumuz var. Tale elə gətirdi ki, bu agentlikdə işləməli oldum. İlk iş günündə məndə elə təəssürat yarandı ki, sanki illərdir buradayam. Bəzən mediadakı dostlara da deyirəm ki, Allah hər bir jurnalistə Report-dakı kimi kollektivdə işləməyi nəsib etsin”.
Axar.az olaraq, həmkarlarımızı bu münasibətlə təbrik edir, bol informasiya, “eksklüziv”lər arzu edirik.