Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu gün “Şərəf” ordeni ilə təltif etdiyi Dilarə Seyidzadə ölkənin tanınmış ziyalılarındandır.
Kult.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadə 1939-cu il oktyabrın 25-də Bakıda anadan olub.
Azərbaycan Dövlət Universitetini bitirən D.Seyidzadə 1961-1978-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi, 1978-1983-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında baş müəllim, 1983-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda baş elmi işçi, aparıcı elmi işçi, 1993-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində böyük məsləhətçi, 1997-1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisin müavini - Prezidentin köməkçisi vəzifələrində çalışıb.
O, dövlət qulluğunda xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.
Məlumat üçün bildirək ki, Dilarə Seyidzadə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, tanınmış politoloq Eldar Namazovun qohumudur.