Xəbər lenti




Qazaxıstanın lideri, türk dünyasının ağsaqqalı Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə qatılmaq üçün Bakıdadır.

Ötən gün Nazarbayev Prezident İlham Əliyevlə görüşündə maraqlı bir məqama toxundu. O bildirdi: “Artıq "türkdilli ölkələr" sözlərinin nəsə başqa bir formasına, "türk dövlətləri"nə keçmək haqqında düşünmək lazımdır”.

Nazarbayevin bu fikri ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Axar.az-a danışan xalq şairi Sabir Rüstəmxanlı Nursultan Nazarbayevin bu təklifini çox yerində edilmiş təşəbbüs kimi qiymətləndirib:

“Hesab edirəm ki, “türk dövlətləri” adı altında bir araya gəlmək bütün türkdilli dövlətlərin xeyrinə olar. Hazırda bu təklifin həyata keçməsi o qədər real görünməsə də, gələcəkdə müəyyən işlər aparılarsa, düşünürəm ki, belə bir birlik qurula bilər. Türklərin inteqrasiyası arzuolunan bir məsələdir. Ümid edirəm ki, Nazarbayevin bu təklifini bütün türk dövlətləri dəyərləndirəcək”.

“Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı isə qeyd edib ki, Nazarbayevin bu təklifi artıq yeni yanaşmadır:

“Hər şeydən əvvəl ona diqqət etməliyik ki, niyə indiyə qədər “türkdilli ölkələr” istilahından istifadə edilirdi və niyə məhz indi “türk dövlətləri” ifadəsinə keçid təklif edildi. Bilirsiniz ki, Nursultan Nazarbayev çox təcrübəli siyasi xadim, geniş düşüncəli insandır və o, “türk dünyasının ağsaqqalı” statusunu təsadüfən daşımır. Bir müddət əvvəl “türkdilli ölkələr” təşəbbüsünü də dəstəkləyənlərdən biri Nazarbayev idi. Bəs niyə həmin vaxt “türkdilli ölkələr” sözündən istifadə olundu?

Çünki “türkdilli ölkələr” təkcə türk dövlətlərinin sərhədləri ilə məhdudlaşmır, daha geniş arealı əhatə edir və türk toplumlarının yaşadığı digər ölkələri də əhatə edir. “Türkdilli ölkələrin şurası” daha çox mədəni-ictimai və qismən də iqtisadi inteqrasiyanı nəzərdə tutur. Düşünürəm ki, birinci mərhələdə qarşıya qoyulan əsas məqsədlərə çatdıq. Əvvəla, 6 türk dövlətinin bir qurumda birləşməsinə, ortaq layihələrdə iştirak etmələrinə nail olduq.

Daha sonra, türk dövləti olmayan, amma ərazisində türk toplumlarının kompakt yaşadığı ölkələrin bu ideyaya, bu təşkilata maraq göstərməsi də önəmli addımlardan sayıla bilər. Düşünürəm ki, həmin dövlətlərin bu təşkilatın toplantılarında iştirakı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının uğurlarındandır”.

Politoloq vurğulayıb ki, N.Nazarbayev təklifinin əvvəlində “artıq...” sözünü də təsadüfən işlətmədi:

“Yəni ilk mərhələ - mədəni-ictimai və qismən də iqtisadi inteqrasiya geridə qalmalıdır, yeni – ikinci mərhələ təklif edilir. Bu mərhələ artıq siyasi inteqrasiyanı özündə ehtiva edir.

Nursultan Nazarbayev bu sözləri ilə böyük strateji hədəfə doğru növbəti addımın atılması üçün təklif verdi”.

Aynur Camalqızı həm də onu vurğulayıb ki, N.Nazarbayev bu təklifi səsləndirmək üçün məkanı da qəsdən seçib:

“Türkdilli ölkələrin əməkdaşlığının güclənməsi istiqamətində ən ciddi, hətta deyərdim, ən cəsarətli siyasi iradəni Prezident İlham Əliyev nümayiş etdirib. 10 il öncəki Naxçıvan görüşü və həmin görüş ərəfəsindəki “siyasi dalğalanmanı” yada salmaq kifayətdir. Bu baxımdan Nazarbayev məhz harada və məhz kiminlə söhbətdə bu təklifi səsləndirdiyini çox gözəl hesablayıb. Azərbaycan ümumiyyətlə tarixin bütün mərhələlərində ideoloji baza rolunu oynayıb, bu məkan həmişə ideya ixrac edib. “Türk dövlətləri” mərhələsinin də məhz Bakıdan start götürməsinin istənilməsi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın türk dünyasında oynadığı rola görədir. Ümid edirəm ki, ikinci mərhələnin başlanmasını yaxın müddətdə sevinclə müşahidə edəcəyik”.

Politoloq Elçin Mirzəbəyli də bildirib ki, Nazarbayev türk dünyasının təcrübəli şəxslərindəndir və onun bu təklifi dəyərləndirilməlidir:

“Nazarbayev dünyada və regionda baş verən prosesləri dərindən bilən bir adamdır. O, təkcə bugünkü prosesləri deyil, həmçinin tarixi prosesləri yaxşı mənimsəmiş və gələcəyi proqnozlaşdıra bilən şəxsdir. Türk dünyasının bir araya gəlməsində onun da xidmətləri böyükdür. Bildiyimiz kimi, vaxtilə Ümummilli lider Heydər Əliyev də türk dövlətlərinin bir araya gəlməsində aparıcı rola malik olub. Bunun sayəsində Azərbaycan hər zaman türk dünyasının ideya mərkəzi rolunu yerinə yetirib. İndi Qazaxıstanın da bu prosesdə iştirak etməsi təbii ki, çox sevindiricidir. Düşünürəm ki, bu təklif tamamilə yerinə düşüb. Görünür, artıq əksər türk dövlətlərində də milli şurun inkişafı prosesi arzulanan səviyyədə gedir”.

Politoloq bildirib ki, bir zamanlar türk dövlətlərində “türk” kəlməsinə müəyyən qədər fərqli yanaşmalar mövcud idi:

“İndi arada olan bu sərhədlərin aşılması və birliyin bərpasına doğru addımların atılması çox sevindiricidir. Əvvəllər bəzi türkdilli dövlətlər elə düşünürdü ki, onlar türk dövləti adı ilə çağırılsa, onların şəxsi nüfuzu itəcək. Yəni qazax qazaxlığını, qırğız qırğızlığını, özbək özbəkliyini itirəcək və sair. Bu düşüncələr də illərdir türk dövlətlərinin bir araya gəlməsinə mane olurdu. Amma artıq bu cılız düşüncə getdikcə yox olmağa başlayıb. Hesab edirəm ki, burada Azərbaycanın xüsusi rolu var”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov