Dövlət idarəetmə sistemində aparılan son struktur islahatları standartların dəyişməsinə, müasir tələblərə uyğunlaşmanın vacibliyinə dəlalət edir.
Bizimaz.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası ilə (2019-2025-ci illər)” uyğunluq təşkil edir.
DİM sədri əlavə edib ki, Azərbaycanda dövlət qulluğunu keyfiyyət baxımından daha yüksək səviyyəyə qaldırmaq günün əsas tələbidir: "Buna nail olmaq üçün yeni Tvinninq layihəsinin – müasir kommunikasiya və qiymətləndirmə vasitələrinin inkişafı üçün texniki yardımın göstərilməsini nəzərdə tutan layihənin həyata keçirilməsi məqsədəuyğun olardı. Ümidvaram ki, Avropa İttifaqı ölkədə dövlət qulluğu sahəsində qəbul edilmiş strategiyanın məqsədlərinə nail olmaq üçün yaxın zamanlarda belə bir layihənin Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilməsini mümkün hesab edəcək. Bu, daha əhəmiyyətli nəticələrin əldə olunmasına gətirib çıxaracaq".