Alimpaşa Məmmədov Şəmkir Rayon Mərkəzi Xəstəxanasında etinasızlıqla qarşılaşan vətəndaşların hüquqlarını təmin edə bilmirsə, rayonda heç bir inkişafdan söhbət gedə bilməz.
Bu və buna oxşar fikirlər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimovun törətdiyi özbaşınalıqlarla üz-üzə qalmış sakinlərin redaksiyamıza ünvanladıqları şikayət məktublarında yer almaqdaır. İlk növbədə həmin müraciətlərdə şəkərli diabetdən əziyyət çəkən vətəndaşlara RMX-da pulsuz dərman və şəkərli diabeti ölçən cihaz verilmədiyi bildirilir. Hətta bu sahədə vəziyyət elə bir həddə gəlib çıxmışdır ki, bəzi sakinlər artıq yaranmış problemlə bağlı birbaşa Səhiyyə Nazirliyinin rəhbərliyinə müraciət edirlər. Belə məlum olur ki, rayona rəhbərlik etdiyi illər ərzində Alimpaşa Məmmədov vətəndaşların ehtiyacları ilə maraqlanmaq, onların qayğısına qalmaq kimi məsələlərin bir icra başçısının əsas vəzifə borclarından olduğuna özünü hələ də inandıra bilməyib.
Məsələ bundadır ki, Şəmkirə rəhbərlik etməyə başladığı 2014-cü ildən bəri Alimpaşa Məmmədovun fəaliyyəti rayon sakinlərinin ümumi mənafeylərinə zidd məqamlarla hər zaman diqqəti cəlb edib. Bu isə təbii ki, sakinlərinin narazılıqlarına səbəb olur. Rayon sakinləri bildirirlər ki, Alimpaşa Məmmədovun vəzifəyə təyinatından sonra keçən birinci il yeni başçının rayonda həyata keçirdiyi “torpaq müsadirələri” ilə əlamətdar olmuşdu. Belə ki, keçmiş icra başçıları Aslan Aslanovun və Nazim Veysovun Şəmkir RİH-nə rəhbərlik etdikləri dövrlərdə rayonda torpaq sahəsi alan vətəndaşların əllərindən həmin torpaqlar məhz Alimpaşa Məmmədov tərəfindən, həm də bu sahələrin qeyri-qanuni verildiyinə dair əsassız bəhanələr gətirilərək alınmışdı. Təbii ki, bu kimi haqsızlıqlar yerli sakinlərin narazılığına səbəb olmaya bilməzdi. Lakin sakinlərin narazılığı bu məmur üçün heç zaman əhəmiyyətli göstərici olmayıb. Məlum olduğu kimi, Alimpaşa Məmmədov əvvəllər Vergilər Nazirliyinin strukturlarında müxtəlif vəzifələrdə işləmişdir. Deyilənlərə görə, Səlyan və Sumqayıtda Vergilər İdarəsinin rəisi işləyən zaman, bu məmur sahibkarlara qarşı irəli sürdüyü qeyri-qanuni tələbləri və nümayiş etdirdiyi qərəzli münasibəti ilə xüsusilə seçilirdi.
Məhz elə insanlara qarşı bu münasibətin davamı olaraq da, bu gün şəmkirin əksər sahələrində, xüsusilə də səhiyyə sahəsində özbaşınalıqlar yol alıb gedir. Bu barədə redaksiyamıza məlumat verən mənbələr də israrla bildirirlər ki, bu gün Şəmkirin hər bir poliklinika və ya xəstəxananın özünün yazılmamış qanunları mövcuddur. Həm də əksər hallarda bu qanunlara ölkə qanunları ilə müqayisədə daha böyük dəqiqliklə əməl olunur. Məhz elə bu səbəbdən də həmin tibb müəssisələrində rüşvətxorluq və digər korrupsiya halları baş alıb gedir. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bu gün artıq Şəmkir sakinləri öz problemlərinin yalnız respublika səviyyəli, yuxarı instansiya qurum rəhbərləri tərəfindən həll ediləcəyinə ümid edə bilərlər. O cümlədən, Şəmkir şəhər sakini Məhərrəmova Almas Ağakişi qızı da “ Yeni Kirpi-Tv.com ” qəzetinə səhiyyə naziri cənab Oqtay Şirəliyevə ünvanlı şikayət məktubu göndərib. Şikayətçi məktubunda Şəmkir Rayon Mərkəzi Xəstəxanasında şəkər xəstələri üçün nəzərdə tutulan dərman vasitələrinin çatışmazlığından narazılığını ifadə edib. Şəkərli diabetdən əziyyət çəkən 66 yaşlı xəstənin sözlərinə görə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov onların vaxtında iynə, dərman vasitələri ilə təmin olunmalarına şərait yaratmır: “Mən və qızım Aidə Bayramova şəkər xəstəsiyik. Bildiyiniz kimi, şəkər xəstələri üçün dərman vasitələri və şəkərli diabeti ölçən cihazlar dövlət tərəfindən pulsuz verilir. Biz şəkər xəstələri dərmanları vaxtında qəbul etməliyik. Gecikdirdikdə, səhhətimizdə ciddi problemlər yaranır. Şəkərli diabeti ölçən cihaz verilmədiyi üçün bəzən şəkərimiz 450-480-ə yüksəlir. Onun dərman və şəkərli diabeti ölçən cihaz verməsi bir yana qalsın, üstəlik də bizimlə kobud davranışı əlavə bir əzabdır. Dəfələrlə baş həkim Ayaz İbrahimovun yanında olmuşuq. Vəziyyətimizi ona danışmışıq, ancaq o, deyir ki, dövlət dərman, şəkərli diabeti ölçən cihaz vermir, nə vaxt dövlət ona dərman, şəkərli diabeti ölçən cihaz versə, o da bizə verəcək...”
Göründüyü kimi, RİH başçısının eyni zamanda həm insanlara, həm də ölkə rəhbərliyi tərəfindən vətəndaşların qayğısana qalmaları barədə bütün məmurlara dəfələrlə verilmiş tapşırıq və tövsiyyələrə qarşı nümayiş etdirdiyi etinasızlıq rayonun müxtəlif sahələrinə rəhbərlik edən vəzifəli şəxslərin davranışlarına da sirayət etmişdir. Əgər belə olmasaydı, həmin məmurlar, o cümlədən Şəmkir səhiyyəsinin başbilənləri bu xüsusda olunan ciddi xəbərdarlıqları qulaq ardına vuraraq, insanları incitməyə cürət etməzdilər.
Zaur Vəliyev.