Bu gün Bakıda Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə “Universal” Vəkil Bürosunun ofisinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, deputat Aqil Abbas, vəkillər və hüquqşünaslar iştirak ediblər.
Açılışda iştirak edən qonaqlar ofis ilə tanış olublar.
Bildirilib ki, binada vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaradılıb.
A.Bağırov bildirib ki, Azərbaycanda vəkilliyin inkişafı vəkillərin sayının artırılmasında özünü büruzə verir:
“Bu gün vəkil olmaq hüquqşünaslar üçün bir imic məsələsidir. Düşünürəm ki, vəkil adını daşımaq hər bir Azərbaycan hüquqşünasının arzusudur. Biz çalışırıq ki, vəkilliyə qəbul imtahanı beynəlxalq standartlara cavab versin. Ölkəmizdə vəkil bürolarının sayı artıq 110-u keçib. Bütün bürolarda beynəlxalq standartlara cavab verən və vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin edən şərait yaradılıb”.
“Biz bundan sonra da həm Bakıda, həm də regionlarda yeni vəkil bürolarının açılmasına hər cür dəstək verəcəyik. Kollegiya az qurumlardandır ki, özü-özünü maliyyələşdirir. Maliyyə müstəqilliyi olmayan qurum heç vaxt müstəqil ola bilməz. Bu gün vəkilliyə gələn hüquqşünasların 80 faizi 40 yaşına qədərdir”, - deyə A.Bağırov qeyd edib.
Tədbirdə iştirak edən qonaqlar yeni açılan büronun fəaliyyətinin uğurlu olacağına əminliklərini vurğulayıblar.
Eyni zamanda, görüş zamanı deputatların və büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib, onların peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinlənilib, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilib.
“Photostock.az” açılış mərasimindən fotoları lentə alıb: