Xəbər lenti



 
Kamaləddin Qafarov: “Novruz bayramı milli birliyimizin ən parlaq təzahürlərindən biridir”

“Sovet imperiyası dövründə üzərinə “dini bayram” damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulmuş Novruz - bu əsrarəngiz bahar bayramı uzun illərin fasiləsindən sonra, 1969-cu ildən respublikamızda təntənə ilə qeyd olunmağa başlandı. Hələ 1994-cü ildə, Novruz şənliklərində iştirak edən ümummilli lider Heydər Əliyev xalqa müraciət edərək demişdi: “Novruz bayramı xalqın milli birlik, sarsılmaz dostluq və qardaşlıq bayramıdır. Ürəklərdən kin-küdurəti silib yerində sevgi, məhəbbət və sədaqət kimi saf duyğular cücərdən, bölümləri bütövlüklə, kədəri sevinclə əvəz edən, cəmiyyətdə xoş münasibətlərin meydanını genişləndirən bir bayramdır. Novruz uzaq minilliklərin o tayından çağdaş dövrümüzə qədər ağır təzyiqlərə sinə gərə-gərə, keçilməz maneələri yara-yara müstəqillik qazanıb. Bizim də qələbə yolumuz xalqın birliyindən keçir””.

Bu sözləri Novruz bayramı münasibətilə mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili Novruzun fəlsəfi əsaslarından danışaraq bildirib ki, bu bayram həyatın və yeniliyin ən mükəmməl rəmzidir: “Novruz sözünün mənası yeni gün deməkdir. Qədim dövrlərdən insanlar qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif mərasim və rituallarla qarşılayıblar. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bunun səbəbi isə bir sıra qədim inanclara görə kainatın 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranması və təbiətin həmin bu ünsürlər üzrə oyanışının qeyd olunmasıdır. Su çərşənbəsi qışda donmuş çayların baharın ilk nəfəsi ilə əriyib tədricən torpağı nəmləndirməyə başlamasına, od çərşənbəsi – günəşin torpağı isidərək, onu canlandırmasına, yel çərşənbəsi – artıq oyanmış torpağı, tumurcuqlanmağa başlayan gülləri, ağacları yaz ətirli mehlə hərəkətə gətirməsinə, torpaq çərşənbəsi – torpağın əkilib-becərilməyə hazırlığına işarə olaraq qeyd edilir”.

Milli Məclisin deputatı Novruz bayramının 2009-cu ildən UNESCO-nun qeyri-maddi irs siyahısına salınmasını bütün Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən bir hadisə kimi xarakterizə edərək deyib: “2004-cü ildən başlayaraq Azərbaycanın mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi, qoruma altına alınması Mehriban xanım Əliyevanın bu işə həssas münasibətinin parlaq ifadəsidir. 23 fevral 2010-cu ildən etibarən isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında hər il martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.”

Millət vəkili Prezident İlham Əliyevin yüksək mənəvi dəyərlərimizi, adət və ənənələrimizi yaşadan bu ümumxalq bayramını yüksək dəyərləndirdiyini xüsusi qeyd edib: “Ölkə Prezidenti cənab İlham Əliyev hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir. Bu təbriklərdən birində dövlətimizin başçısı demişdi: “Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir.”

Artıq ikinci ildir ki, Azərbaycan xalqı Novruz bayramını xüsusiş ruh yüksəkliyi ilə qeyd edir. İki il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Ulu Öndər Heydər Əliyev hələ uzaq 1998-ci ildə demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin bu vəsiyyətini də yerinə yetirdi və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız bundan sonra həmin ərazilərdə Novruz bayramını min illiklər boyunca qeyd edəcəkdir!” – deyə Kamaləddin Qafarov fikirlərini tamamlayıb.

AİA.Az
 
 
 


© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov