Xəbər lenti



 
Aqiyə Naxçıvanlı: Prezident İlham Əliyevin enerji siyasəti ölkənin enerji təhlükəsizliyini təmin edib

Son illər Azərbaycanda enerji sahəsində böyük işlər görülüb və hal-hazırda bu işlər davam etməkdədir. O cümlədən “Qobu” Enerji Qovşağı son illər ərzində ölkəmizdə inşa edilən ən böyük enerji obyektlərindən biridir. Əlbəttə ki, mümkün olan ən qısa zaman kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər verir. Ötən bir həftə ərzində gücü 750 meqavat olan Yaşma yarımstansiyasının və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına, enerji təhlükəsizliyinin təmin olunması prosesinə böyük töhfə olacaq. Diqqətəlayiq bir hal da budur ki, genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, mütəxəssisləri və fəhlələri iştirak ediblər. Bu isə ölkəmizin, eyni zamanda, həm iqtisadi, həm də texniki imkanlarının nümayişidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunduğunu qeyd edən deputat deyib: “Bu gün Azərbaycan 4 qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir və ixracın həcmi getdikcə artmaqdadır. Təkcə ötən il həmin ölkələrə 1,6 milyard kilovat-saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir. Qeyd olunmalıdır ki, müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunub. Xüsusilə son illər ərzində əsaslı dəyişikliklər həyata keçirilib. Müstəqilliyimizin ilk illərində ölkənin enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə vəsait yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin surətdə aşağı düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Eyni zamanda da ölkənin təbii ehtiyatlarının həcmi bu vəziyyətin hələ uzun müddət davam edəcəyinə dəlalət edir. Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qobu” Enerji Qovşağının açılışından sonra AZƏRTAC-a verdiyi müsahibəsində bu məsələ ilə bağlı dolğun məlumatlar təqdim olundu. Ölkəmizin təbii qaz ehtiyatlarının ilkin qiymətləndirilməsi göstərir ki, Azərbaycan özünü və tərəfdaşlarını bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilər. Lakin buna baxmayaraq dayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti bu gün bərpaolunan enerji növlərinin istehsalına böyük investisiya yatırımları edir. Hazırda bu istiqamətdə çox ciddi iş gedir və bu işin ilkin nəticələri artıq özünü göstərir”.

Aqiyə Naxçıvanlı, həmçinin qeyd edib ki, bu gün Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına xarici şirkətlərin getdikcə artan marağı da ölkəmizdə formalaşmış münbit investisiya mühitindən xəbər verir. “Artıq bir neçə ildir ki, bərpaolunan enerji növlərinin istehsalı Prezident İlham Əliyev tərəfindən prioritet sahə kimi müəyyənləşdirilib. Bunun əlbəttə ki, bir neçə səbəbi vardır. İlk növbədə bərpaolunan enerji növləri ən təmiz enerji növüdür. Ümumiyyətlə bu gün Azərbaycanda elektrik enerjisini istehsal etmək üçün ancaq təmiz enerji növlərindən – təbii qazdan, sudan, günəşdən, küləkdən istifadə edilir. Bu isə əlbəttə ki, ətraf mühitin qorunmasına xidmət edən amildir. Bərpaolunan enerji növlərinin istehsalına qoyulan investisiyalar da ilk növbədə bu məqsədi güdür. İkinci bir tərəfdən də Azərbaycanın məhz bu sahəni inkişaf etdirmək üçün çox gözəl imkanları və potensialı mövcuddur. Bu gün ölkəmizdə elə əlverişli investisiya iqlimi yaradılıb ki, həm yerli, həm də xarici şirkətlər buna böyük maraq göstərirlər. Əlbəttə ki, bu şərait, ilk növbədə, Prezident İlham Əliyevin səyləri, həyata keçirdiyi iqtisadi siyasət nəticəsində yaranıb. Əgər Azərbaycan indiyədək neft-qaz sahəsində uğurlu siyasət aparmasaydı, tərəfdaş ölkələrin inamını, etibarını qazana bilməsəydi, heç kəs ölkəmizə belə böyük və uzunmüddətli sərmayələr yatırmazdı. Həmçinin Azərbaycanın gələcəyinə inam olmasaydı, bu, baş verməzdi. Keçən ay dünyada enerji sahəsində ən böyük şirkətlərdən biri olan “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməlqoyma mərasimi keçirildi. Layihəyə görə artıq gələn il 240 meqavatlıq külək elektrik stansiyası istifadəyə verilməlidir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Daha bir günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliyinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilər bərpaolunan enerji növlərinin istehsalına öz böyük töhfələrini verəcəklər. Belə ki, həmin torpaqlarda, o cümlədən Kəlbəcər-Laçın zonasında böyük potensial mövcuddur. Bu potensial mütəxəssislər tərəfindən 9 min meqavatdan daha yüksək rəqəmlə qiymətləndirilir. Bununla belə, hazırda ölkənin ən böyük potensialı Xəzər dənizindədir. Dövlət başçımız da öz müsahibəsində qeyd etdi ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər və artıq onlardan konkret təkliflər gəlməyə başlayıb. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Əlbəttə ki, bütün bu layihələr Azərbaycana ixracla bağlı öz fəaliyyətini genişləndirmək və yeni ixrac bazarlarına çıxmaq imkanları verəcək”, - deyə Milli Məclisin deputatı bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov