Xəbər lenti



“Bu gün Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Sənaye parkının təməl daşını mən keçən dəfə Ağdamda qoymuşdum, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq ilk müəssisələrin təməli qoyuldu. Artıq 5 rezident vardır və onlar işə başlayırlar”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlığından sonra çıxışı zamanı deyib.

 

“Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq.

Əminəm ki, yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır. Azərbaycan iş adamlarına da mən bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır.

Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik. Əlbəttə, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq. Ağdam şəhərinin Baş planı hazırlanıb, Baş plan əsasında işlər görülür. Əlbəttə ki, özəl sektorun nümayəndələri bu işlərdə fəal olmalıdırlar”, - deyə dövlət başçısı əlavə edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov