“Hazırda çox geniş 3-cü sosial islahat həyata keçirilir. Ölkə Prezidentinin bugünkü fərman da bu islahat çərçivəsində verilib”.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib. Onun sözlərinə görə, 2018-ci ildə də bugünkü fərmanda nəzərdə tutulan kateqoriyadan olan şəhidlərə 11 min manatlıq birdəfəlik ödəmə təyin edilib, 13 min şəhidin 18 min ailə üzvünə 130 milyon manata yaxın vəsait köçürülüb. Bugünkü Fərmanın icrası ilə əlaqədar 2021-ci dövlət büdcəsindən 50 milyon manat ayrılacaq. Bu səbəbdən Komissiya da yaradılıb, bu Komissiya birdəfəlik ödəmə ilə bağlı mexanizm hazırlayacaq. 2 ay ərzində birdəfəlik ödəmənin verilməsi qaydası hazır olacaq”.
Nazir müavini deyib ki, hazırda fərmanın icrası ilə bağlı tədbirlərin icrasına başlanılır: “Birdəfəlik ödəmə nağdsız qaydada veriləcək. Siyahılar hazır olandan sonra dürüstləşdiriləcək, hüququ olan şəxslərə və ya vəfat edənlərin ailələrinə birdəfəlik ödənəcək. Proses qaydalarla müəyyən olunacaq. Vərəsələr müəyyən ediləcək, hər bir vərəsənin payına uyğun bölünərək məbləğ ödənəcək. Fərmanla bizə 2 ay vaxt verilib, təkliflər hazırlanıb, Komissiyada müzakirə olunandan sonra ödəmə ilə bağlı qaydaların təsdiq olunması üçün Nazirlər Kabinetinə müraciət olunacaq”.