Tarixin müxtəlif dövrlərində dövlətlərin ayrı-ayrı sahələrdəki inkişafı onlara rəhbərlik edənlərin adı ilə bağlı olub və indi də belədir. Ölkəyə rəhbərlik edən şəxsin bilik və bacarıqları, o cümlədən liderlik qabiliyyəti, idarəçilik səriştəsi, iradəsi, savadı, dünyagörüşü və digərləri dövlətin dünya arenasında yerini müəyyən edir. Bu baxımdan Azərbaycanın bir dövlət kimi son 18 ildə əldə etdiyi nailiyyətlər bu xüsusiyyətləri özündə cəmləşdirmiş Prezident İlham Əliyevin uğurlu siyasətinin bariz nümunəsidir.
44 günlük müharibədə Azərbaycanın möhtəşəm Qələbəsi Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdəki uğurlarının ən yüksək zirvəsi idi. Söhbət ondan gedir ki, Qələbə ölkə başçısının fəaliyyətinin nəticəsi olaraq Azərbaycan xalqını son iki əsrdə ilk dəfə ərazi bütövlüyünü bərpa edərək qalibə çevirdi.
Bu qalibiyyətin əsasında isə güclü dövlət, o cümlədən buna imkan verən inkişaf etmiş iqtisadiyyatın dayandığı reallıqdır. Belə ki, cənab İlham Əliyevin Azərbaycan Prezidenti olduğu dövrdə, pandemiyanın ölkə iqtisadiyyatına təsirlərini nəzərə almasaq, ümumi daxili məhsulun real artımı 3,4 dəfə, o cümlədən sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə artıb. Bu dövrdə xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft məhsullarının ixracı 5,2 dəfə çoxalıb. Eyni zamanda, xarici valyuta ehtiyatları 27 dəfə artıb. Bundan başqa, orta aylıq əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artıb, yoxsulluğun səviyyəsi 50 faizdən 4,8 faizədək azalıb.
Ötən 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin neft-qaz strategiyası davam etdirilib, enerji layihələrinin coğrafiyası genişləndirilib. Bununla da 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilib. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb. Həmçinin Cənub Qaz Dəhlizi layihəsi tam başa çatıb. Bundan başqa, ötən müddətdə 2004-2018-ci illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, bundan irəli gələrək qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı icra olunub, hazırda dördüncü proqram icra edilir.
Ötən 18 ildə ölkə iqtisadiyyatının neft-qaz gəlirlərindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı prioritet olub. Bu məqsədlə qeyri-neft sektorunun bütün sahələrinin inkişafı istiqamətində islahatlara başlanılıb. Bu islahatların nəticəsində iqtisadiyyatın şaxələndirilməsi prosesi, o cümlədən ixracda qeyri-neft sektorunun payının ildən-ilə artması davam etməkdədir. Bu sahədə görülən tədbirlərdən biri kimi 2014-cü ilin dekabrında təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, ölkə ərazisində çoxsaylı sənaye parkı və məhəllələri, texnoparklar yaradılıb, istehsal sahələrinin genişləndirilməsi, qeyri-neft sənayesinin ixrac imkanlarının artırılması və innovativ istehsalın inkişaf etdirilməsi istiqamətində ciddi tədbirlər görülür. Hazırda pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, cari ilin yanvar-noyabr aylarında bu sektorda məhsul istehsalı 6,4 faiz artıb. Ümumi daxili məhsul istehsalı isə 5,3 faiz artıb.
Bu dövrdə inkişafına böyük əhəmiyyət verilmiş sahələrdən biri də kənd təsərrüfatıdır. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edilməsi bu sahədə fəaliyyətin stimullaşdırılmasına imkan verib. Eyni zamanda, kənd təsərrüfatına subsidiya və güzəştli kreditlərin yönəldilməsi bu sahədə rəqabətqabiliyyətliliyi ildən-ilə artırmaqdadır. Bu amillər kənd təsərrüfatı məhsullarının istehsalında və ixracında özünü göstərir. Nəticədə hətta pandemiya dövründə də kənd təsərrüfatında artım (cari ilin yanvar-noyabr aylarında 4 faiz artım olub) qeydə alınır, bu sahə qeyri-neft ixracında əsas yerlərdən birini tutur.
Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində əhəmiyyətli işlər görülüb. Həmçinin təməli 2007-ci ildə qoyulmuş Bakı–Tbilisi–Qars dəmir yolu isə artıq istismarda olmaqla ölkə iqtisadiyyatına öz töhfəsini verir. Bir sözlə, Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilməkdədir.
Cənab İlham Əliyevin Prezidentliyi dövrünün reallıqlarından biri də Azərbaycanın dünyanın kosmik ölkələri sırasına qoşulmasıdır. Belə ki, 2013-cü il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə ikinci – Yer səthini müşahidə edən “Azersky” peyki, 2018-ci ilin sentyabrında isə daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılıb. Hazırda bu peyklər ölkənin xidmət ixracını həyata keçirir. Təkcə 2021-ci ilin yanvar-oktyabr aylarında dünyanın 41 ölkəsinə 39 milyon ABŞ dolları məbləğində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Beləliklə, son 18 ildə ölkə iqtisadiyyatının inkişafı Azərbaycanı müasir dövrün tələblərinə uyğun ordu yaratmağa, onun maddi-texniki təminatını ən yüksək səviyyəyə çatdırmağa imkan verib. Digər tərəfdən, Azərbaycanın liderliyi ilə reallaşdırılmış enerji və nəqliyyat layihələri Ermənistanın əhəmiyyətli miqdarda gəlirdən məhrum olması ilə nəticələnib. Bu mənada Azərbaycanın Ermənistan üzərində hərtərəfli qələbəsi Prezident İlham Əliyevin son 18 il ərzində həyata keçirdiyi iqtisadi siyasətin məntiqi nəticəsidir.
Ceyhun Piriyev, “İki sahil”