Xəbər lenti



Bu gün 9 May - Qələbə günüdür.

 

Faşizm üzərində qələbədən 76 il ötür.

Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub.

Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.

Müharibə dövründə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.

Bu il Prezident İlham Əliyev “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamla 1941-1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü ilə əlaqədar İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 500 manat məbləğində birdəfəlik maddi yardım verilib. Həmçinin, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Sərəncam ümumilikdə 6083 nəfərə şamil olunub. Onlardan 181 nəfəri İkinci Dünya müharibəsi iştirakçısı, qalanları İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş, habelə sənəddə nəzərdə tutulan digər şəxslərdir.

Birdəfəlik maddi yardımların ödənilməsi üçün Sərəncamla Azərbaycanın 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 4,8 milyon manat vəsait ayrılıb.

Faşizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov