Bu gün Prezident İlham Əliyev Mətin Balasən oğlu Eynullayevi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edib.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, M.Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub.
O, 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiəsi Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.
2013-2016-cı illərdə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini və aparat rəhbəri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
M.Eynullayev dövlət qulluğunun kiçik müşaviridir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
Prezidentin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
O, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.