Xəbər lenti

Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən koronaviruslu xəstələrin xəstəxanada yerləşdirilməsi və müalicəsi üçün 3-3,5 min rüşvət aldığı üçün həbs edilən “Yeni klinika”nın direktoru Pərviz Abbasov hər kəsin diqqət mərkəzindədir.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, Pərviz Akif oğlu Abbasov 20 mart 1981-ci ildə Şəki şəhərində anadan olub. Orta təhsilini 1997-ci illərdə fərqlənmə attestatı ilə, 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Təhsilini 2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetində Aspirantura və 2012-2014-cü illərdə Türkiyə Cümhuriyyətinin İnönü Universitetində “fellow doctor” kimi davam etdirib.

2008-2013-cü illərdə Kazan Dovlət Tibb Akademiyasında laparoskopik cərrahiyyə kursu, Almaniyada (Lubek Universiteti Klinikası) onkologiya, cərrahiyyə və teletəbabət kursu, Ankarada laparoskopik və robotik cərrahiyyə kursu, İstanbulda laparoskopik kolorektal cərrahiyyə kursu, İnönü Universitetində vaskulyar və mikro-cərrahiyyə kursu, Türkiyədə səhiyyənin idarə edilməsı və sığortanın təşkili kursunu keçib.

2008-ci ildə “Qaraciyər exinokokkozunun müalicəsi və residivlərin profilaktikası üsullarının yaxşılaşdırılması” mövzusunda dissertasiya müdafiə edib və tibb üzrə fəsəfə doktoru adını alıb, 2016-cı ildə “Qaraciyər transplantasiyasından sonrakı ağırlaşmalardan mikro-element sistemin və vaskulyar hemodinamikanın rolu” mövzusunda doktorluq müdafiə edib və tibb üzrə elmlər doktoru olub.

2014-cü ildə “Elmi fəaliyyətinə görə” AMEA-nın “Fəxri fərmanı” ilə təltif olunub.

2012-ci ildə Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun keçirdiyi elmi işlərin qrant layihələri müsabiqəsinin qalibi olub.

2009-2018-ci illərdə ATU-nun Cərrahiyyə üzrə Aprobasiya Şurasının üzvü və elmi katibi olub.

2003-2021-cı illər ərzində 16 xarici ölkədə 50-dən artıq beynəlxalq konqres, konfrans və sairin iştirakçısı olub, 13 çıxış və 25-dən artıq poster çıxışı edib. 3 beynəlxalq və 4 milli konfransa sədrlik edib, 90-dan artıq elmi məqalənin, 3 səmərələşdirici təklifin, 2 ixtiranın müəllifidir.

2003-2019-cu illərdə ATU-nun II Cərrahi xəstəliklər kafedrasında, 5 saylı Bakı Şəhər Xəstəxanası I Cərrahiyyə şöbəsində, Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında, Cərrahiyyə şöbəsində, İnönü Universitetində, Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası kafedrasında qastroenteroloji, bariatrik və metabolik cərrahiyyə bölməsində çalışıb və ya əməkdaşlıq edib.

2017-2018-ci illərdə “Caspian İnternational Hospital”ın baş həkimi olub.

2019-cu ildən Milli Hematologiya və Transfuziologiya Mərkəzi Müşahidə Şurasının üzvüdür.

2020-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şəxslərə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi və ölüm hallarının təhlili komissiyasının sədridir.

2020-ci ildən isə “Yeni klinika”nın direktoru idi.

Çoxsaylı yerli və beynəlxalq tibb cəmiyyətlərinin üzvüdür.

Ailəlidir, iki övladı var.

Yəni adamın gənc yaşda hər şeyi vardı, yalnız vicdandan başqa…

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov