Kərki kəndi də Azərbaycana qaytarıla bilər.
Bizimaz.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Jovoxur” nəşri məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyanın Ararat bölgəsinə gözlənilməz səfərinin təfərrüatları barədə məlumat verən nəşr kəndin Azərbaycana qaytarılması ilə bağlı şayiələr gəzdiyini bildirib.
“Xüsusilə bölgədən narahat olan bəzi sakinlər şayiələrin gəzdiyini xəbər verməyə tələsdilər, buna görə Baş nazirin bölgə rəhbərliyi ilə görüşündən sonra qubernator Razmik Tevonyan, Paşinyan və Ararat bölgəsi alayının komandiri arasında ayrıca üçtərəfli görüş keçirilib. Görüşdə Kərki kəndinin gələcək taleyi müzakirə olunub”,- deyə nəşr qeyd edib.
Bildirilib ki, 10 noyabrda imzalanan məlum üçtərəfli bəyanatdan sonra Kərki (Tiqranaşen) kəndi də daxil olmaqla anklav (Bir dövlətin ərazisinin hamısının başqa bir və ya bir neçə dövlətin quru ərazisi ilə əhatə olunmasına anklav deyilir-red.) ərazilərin Azərbaycana qaytarılacağı gözlənilir.
Bəzi iddialara görə, Nazirlər Kabineti yaxın zamanda kəndin təhvil verilməsi üçün göstəriş verib. Bu məlumatlara aydınlıq gətirmək üçün nəşr Baş Nazirin mətbuat katibi Mana Qevorqyanla əlaqə saxlayıb.
“Orada müzakirə olunan hər şey barədə məlumat verdik. Əlbəttə ki, hər şeyi qısaca təqdim etdik, amma burada əlavə edəcək bir şey yoxdur”,- deyə Qevorqyan qeyd edib. Bununla belə nəşr bu müzakirənin həqiqətən gedib-getmədiyini dəqiqləşdirə bilməyib.