Dövlət Turizm Agentliyi “Şahdağ”la bağlı xəbərdarlıq edib.
Bizimaz.az bildirir ki, Agentlikdən Oxu.Az-a verilən məlumatda bildirilir ki, ölkədaxili səfərlərin bərpa edilməsi regionlarda fəaliyyət göstərən hotellərdə sıxlığın yaranmasına səbəb olub.
Bununla əlaqədar təhlükəsizlik məqsədilə Dövlət Turizm Agentliyinin qərarı ilə “Şahdağ” Turizm Mərkəzinin fəaliyyətində dəyişiklik edilib.
Belə ki, koronavirus (COVID-19) pandemiyasının yayılma ehtimalını minimuma endirmək məqsədilə kompleksdəki xidmətlərdən yalnız hotel rezervasiyası olan qonaqların və mövsümi keçid biletlərinə (skipass) malik olan xizəkçilərin istifadə etməsi mümkündür.
Dövlət Turizm Agentliyi istirahət üçün hotellərə üz tutan vətəndaşları, həmçinin hotellərin işçi heyətini pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması haqda 16 yanvar 2021-ci il tarixli qərarından sonra ölkə vətəndaşlarının şəhərlərarası və regionlararası turistik səfərləri bərpa edilib.