Xəbər lenti


İndiki mərhələdə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətdə ciddi irəliləyişlərin baş verməsi mümkün deyil. 
Bizimaz.az: Qafqaz İnstitunun direktoru, politoloq Aleksandr İskəndəryan bu gün keçirdiyi mətbuat konfransında belə proqnoz verib.
MDB dövlət başçılarının zirvə görüşü çərçivəsində Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın ayaqüstü söhbətini şərh edən İskəndəryanın fikrincə, bu cür qeyri-formal qısa görüş nəticəsində münaqişənin nizamlanmasında hansısa ciddi sıçrayışların olma ehtimalı çox azdır. Erməni politoloq hətta ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyini də Qarabağ nizamlanması üzrə kifayət hesab etmir. 

“Daha əvvəl qəbul olunmuş mövcud razılaşmalar, Minsk formatı var və nizamlanma üzrə danışıqlar prosesi gedir. Amma hətta bu prosesin özü belə ciddi nəticələrə gətirmir və indiki halda gətirə də bilməz. Çünki münaqişə tərəflərinin mövqeləri bir-birindən olduqca uzaqdır. Həmçinin, əvvəllər birbaşa təmaslar olsa da, indi bu cür təmasların bərpasını təsəvvür etmək çətindir. Münaqişənin həlli üzrə qarşılıqlı fəaliyyət Minsk qrupuçərçivəsində aparılmalıdır. Amma bununla belə, qarşılıqlı əlaqə formatının dəstəklənməsi üçün istənilən bütün imkanlardan istifadə edilməlidir.” – İskəndəryan bildirib. 

Qeyd edək ki, Düşənbədə apardıqları söhbətdə İlham Əliyev ilə Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov