Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib və onun yerinə Rəşad Nəbiyev təyin olunub.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, R.Nəbiyev 26 avqust 1977-ci ildə anadan olub.
1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək, 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.
R.Nəbiyev 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışıb.
2004-2011-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 24 yanvar tarixli sərəncamına əsasən Azərkosmos ASC-nin sədri vəzifəsinə təyin edilib.
Prezidentin bu təyinatına qədər o, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışırdı.