Vətəndaşların sosial rifah halının daha da gücləndirilməsi üçün davamlı addımlar atan Azərbaycan pandemiya dövründə həyata keçirdiyi uğurlu sosial siyasətlə də fərqlənir. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin tərkib hissələrindən biri də DOST mərkəzləridir. Dövlət başçısının mayın 19-da yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə bildirdiyi kimi, DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat bildirib ki, bundan öncə açılan iki mərkəzin fəaliyyəti çox uğurlu olub və bu addıma görə də Azərbaycanın təcrübəsi beynəlxalq aləmdə nümunə olaraq göstərilir. Prezidentin müsahibəsində də bildirdiyi kimi, burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır.
Vüqar İskəndərov qeyd edib ki, DOST mərkəzlərinin fəaliyyətə başlaması digər bir məqama görə də mühüm əhəmiyyət kəsb edir. Söhbət bu mərkəzlərdə açılan yeni iş yerlərindən gedir ki, orada da könüllülər, yəni, gənclər də işlərə cəlb olunur. Bu da diqqəti bir daha ölkəmizdə könüllülərə verilən dəyərlə yanaşı, Azərbaycanın bugünkü inkişafında gənclərin roluna yönəldir. Məlum olduğu kimi, Prezidentin müvafiq Sərəncamına əsasən 2020-ci il “Könüllülər ili” elan edilib və bu, Azərbaycanda könüllülər hərəkatına dövlət tərəfindən verilən dəstəyin, önəmin təzahürüdür. Bu dəstəkdən ruhlanan gənc könüllülərin ilin əvvəlindən müxtəlif istiqamətlərdə fəaliyyəti daha da genişlənib. Ölkəmizdəki könüllülər təkcə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi zamanı deyil, həmçinin bir sıra vacib proseslərdə də ön sıralarda gedir, dövlət qurumlarına yaxından dəstək göstərirlər. Elə koronavirus pandemiyası dövründə könüllülərin sərgilədiyi fəaliyyət, həmçinin Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin yaradılması və uğurlu fəaliyyəti də bunu bir daha təsdiqləyir. Gənclərimizin könüllülər hərəkatında yaxından iştirak etməklə yanaşı, Azərbaycanın bugünkü inkişafında oynadıqları rola gəlincə, deputat deyib ki, dövlət başçısı gənclərin rolunu hər zaman yüksək qiymətləndirib. Prezident müsahibəsində bu məqama da toxundu və bildirdi ki, bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. “Gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir”, - deyən dövlət başçısı bildirdi ki, məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni zamanda, digər ölkələrlə bu təcrübəni bölüşsün. Dövlət başçısı, həmçinin gənclərimizin bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından ən yüksək meyarlara cavab verdiklərini xüsusi vurğulamaqla yanaşı, bir daha bəyan etdi ki, bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir.
“Hesab edirəm ki, cənab Prezident tərəfindən növbəti dəfə gənclərə verilən yüksək qiymət həm də onların üzərinə daha böyük vəzifələr, daha böyük məsuliyyət qoyur. Yəni, bu gün yüksək biliklərə yiyələnən vətənpərvər Azərbaycan gəncləri bizim müstəqilliyimizi daim gücləndirmək və ölkəmizin uzun illər, onilliklər bundan sonra da dayanıqlı inkişafını təmin etmək üçün daim öz üzərilərində işləməli, səylə çalışmalıdırlar” , - deyə V.İskəndərov əlavə edib.