Xəbər lenti




Mayın 14-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsi (RK) Rəyasət Heyətinin onlayn iclası keçirilib.
Videokonfrans  formatında keçirilən tədbiri TİAHİ RK-nın sədri, millət vəkili  Səttar Möhbalıyev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

Birinci məsələ - TİAHİ üzv təşkilatlarının 2019- cu il üzrə statistik hesabatı barədə RK-nın təşkilat şöbəsinin müdiri Emil Rüstəmovun məlumatı dinlənilib. Deyib ki, hesabat ilində 25 yeni təşkilat yaranmış, orada üzvlərin sayı 958 nəfər olmuşdur. Rəsmi statistikaya əsasən, üzv təşkilatlarda işləyən və təhsil alan 451862 nəfərdən 386591 nəfəri ittifaq üzvüdür. Ötən ilin statistikası ilə müqayisədə aydın olur ki, ittifaq üzvlərinin sayında çoxalma baş verib. Çoxalma ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin ittifaq üzvlüyünə cəlb edilməsi ilə əlaqədar olmuşdur. İttifaq üzvlərinin 260803 nəfərini qadınlar, 125788 nəfərini isə kişilər təşkil edir.
2019-cu il ərzində TİAHİ RK-da və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılmasının vəziyyəti barədə RK-nın sədr müavini Mirzə Cəfərzadə danışıb. Diqqətə çatdırıb ki, 2019-cu il ərzində TİAHİ RK-ya və üzv təşkilatlarına ittifaq üzvlərindən maddi yardım, həmkarlar ittifaqı orqanının işi, əmək hüquqlarının müdafiəsi, yollayışların alınması və müxtəlif sosial xarakterli məsələlər ilə əlaqədar 61309 ərizə daxil olmuşdur.  Ərizə və şikayətlərə baxılaraq vətəndaşları narahat edən məsələlər araşdırılmışdır.  
İttifaq üzvlərinin müalicə və istirahətinin təşkili ilə əlaqədar görülən işlər, qarşıda duran vəzifələr və 2019-cu ilin yekunlarına görə TİAHİ RK-nın büdcəsinin yerinə yetirilməsi haqqında  RK-nın maliyyə şöbəsinin müdiri      Mübariz Eyvazov məlumat verib. 
Gündəlikdə duran məsələlər ətrafında müzakirələr başa çatdıqdan sonra qərar layihələri oxunub və səsə qoyularaq qəbul edilib. 
Müzakirə olunan məsələlərə Səttar Möhbalıyev münasibət bildirib. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan hazırlıq kurslarında daha çox insanın iştirak etməsini vurğulayıb. Akademiyaya təcrübəli mütəxəssislərin dəvət olunduğunu və həmkarlar ittifaqı fəallarının onların təcrübəsindən yararlanmağının vacibliyini söyləyib. 
Millət vəkili RK-ya daxil olan ərizə və şikayətlərin hər birinin diqqətlə araşdırılmasını, onlara tam dolğun cavab verilməsini tapşırıb: “Hər bir ərizənin arxasında canlı insan dayanıb. Ona görə də cavab yetərli, anlaşıqlı vəziyyətdə olmalıdır. Ölkə başçısının dediyi kimi, insanlarla iş aparmaq lazımdır, onları dinləmək lazımdır. Onlara köməklik göstərilməlidir. Prezident hər dəfə deyir ki, insanları işdən çıxarmayın. Həmkarlar ittifaqları bu prinsipi əsas tutmalıdır”.
 S.Möhbalıyev bildirib ki, COVID-19 bütün dünyada milyardlarla insana ciddi iztirablar verib, qlobal iqtisadiyyatı pozub. Dünya ölkələrinin əksəriyyətinin son aylarda ciddi sosial-iqtisadi, tibbi, mənəvi-psixoloji problemlərlə üzləşdiyi, hətta vəziyyətə nəzarəti itirdiyi bir zamanda Azərbaycanın iqtisadi inkişaf tempini qoruyub saxlaması, eləcə də ciddi sosial paketin reallaşdırılması dövlət rəhbərinin müdrik və uzaqgörən siyasətinin nəticəsi kimi cəmiyyətdə yüksək qiymət alır. Dövlət başçısı respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk günlərdən ölkə vətəndaşlarının sağlamlığının, sosial təminatının qorunmasını əsas vəzifə kimi müəyyənləşdirib, bütün dövlət qurumlarına diqqəti bu sahəyə yönəltməyi tapşırıb. İşini itirənlər üçün dövlət öz sosial dəstəyini göstərir. İşsiz, qeyri-formal məşğulluqda fəaliyyət göstərən və aztəminatlı kateqoriyaya aid olan 600 min insan dövlətdən iki ay ərzində 190 manat vəsait alır. Pandemiyadan ən çox zərər çəkən özəl sektorda 690 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Dövlət sektorunda çalışan 900 min nəfərin hər birinin əməkhaqqı ödənilir. Bu və digər tədbirlərə 3,5 milyard manat vəsait ayrılıb. 
Koronavirus pandemiyası dövründə lazım olan vasitələrin alınması və gətirilməsi problemə çevrilsə də, dövlət başçısının  təşəbbüsü, nüfuzu sayəsində bütün bunlar qısa zaman kəsiyində ölkəmizə gətirildi. Bu yaxınlarda modul tipli birinci xəstəxananın açılışı oldu. Belə xəstəxanaların sayı 10-a çatacaq. Bütün bu kompleks tədbirlər - testlərin keçirilməsi, xəstəxanaların, laboratoriyaların fəaliyyəti və həkimlərin peşəkarlığı, işin düzgün təşkili bizə imkan verdi ki, hazırda bu vəziyyətdən istədiyimiz kimi az itkilərlə çıxaq.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına qoşulan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da pandemiya ilə bağlı həyata keçirdiyi sosial tədbirlərdə yaxından iştirak edir.  Sosial dəstək tədbirləri çərçivəsində Azərbaycan həmkarlar ittifaqı təşkilatları qısa müddət ərzində 2 milyon  manatdan çox vəsait xərcləyib. İndiyədək 17 mindən artıq aztəminatlı ailəyə ərzaq yardımları göstərilib, 631 min 600 manat məbləğində vəsait bu məqsədlər üçün xərclənib, 148 min manat dəyərində qoruyucu vasitələr alınaraq paylanılıb. Həmkarlar ittifaqları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 398 min 600 manat vəsait köçürüb.
Eyni zamanda Naxçıvan Muxtar Respublikasına koronavirusla mübarizəyə dəstək məqsədilə 100 min manat vəsait köçürülüb.
AHİK-in İcraiyyə Komitəsi xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımlarının paylanmasını nəzərdə tutan yeni qərar qəbul etmişdir. Bu məqsədlə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq sovqatının paylanılması qərara alınmışdır. Ümumi həcmi 68 ton olan ərzaq sovqatları hər bir ailə üçün vacib olan gündəlik tələbat mallarından ibarətdir. Bölgələrdə həmkarlar ittifaqlarının nümayəndələri icra hakimiyyətlərinin məsul şəxsləri ilə birlikdə bu ərzaq sovqatlarının aztəminatlı ailələrə paylanılmasında iştirak ediblər. Yardımların paylanılmasında diqqətli olmaq lazımdır ki, ən çox ehtiyacı olan ailələrə verilsin. Bundan başqa, bizə edilən müraciətlərə əsasən aztəminatlı ailələrə maliyyə yardımı göstəririk. 
S.Möhbalıyev çıxışının sonunda həmkarlar ittifaqı liderlərini dövlət başçısının sosial təşəbbüslərinin həyata keçirilməsi prosesində bundan sonra da fəal iştirak etməyə çağırdı.
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov