Xəbər lenti

 

“Koronavirus pandemiyası ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib. Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına, bir sıra sahələrdə fəaliyyətin bərpa olunmasına qərar verilib”.

 

 Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, sahibkarlıq fəaliyyətində davamlılıq ən vacib amildir:

“Hətta uzun müddət fəaliyyətdə olan biznes qurumları qısamüddətli fəaliyyətsizlik nəticəsində ciddi geriləmələrlə üzləşə bilərlər. Məhz bu səbəbdən də davamlılığın təmin edilməsi əsas məqsəd olmalıdır.

Bu baxımdan, dövlətin dəstək tədbirləri ilə yanaşı, biznes subyektlərinin də yeni iqtisadi şəraitə uyğunlaşması vacib amildir. Aprelin 27-dən başlayaraq xüsusi rejimli karantin şəraitində məhdudiyyətlərin bir qisminin yumşaldılacağı dövrdə hər bir sahibkar başa düşməlidir ki, pandemiya uzun müddət sürə bilər. Bu müddət insanların davranışından daha çox asılıdır.

Həlledici amil isə fərdi gigiyena və sosial məsafənin qorunmasıdır. Sahibkarlar iqtisadiyyatın aidiyyəti sektoru üçün səciyyəvi olan sanitar-gigiyena qaydalarına ciddi əməl olunmasını təmin etməlidir.

Yeni iqtisadi şərait özünəməxsus davranış qaydaları tələb edir. Biznesin davamlı fəaliyyəti və gəlirlərin stabilliyi də məhz yeni iqtisadi həyat tərzinə uyğunlaşmadan asılı olacaq. Bu qaydalara əməl edilmədikdə yenidən ciddi karantin şərtlərinin tətbiqi qaçılmaz olacaq. Bu da öz növbəsində, sahibkarların yenidən iqtisadi itkilərlə üzləşməsi, külli miqdarda maddi zərər və ya müflisləşmə ilə nəticələnə bilər”.

Nazir qeyd edib ki, koronavirus pandemiyası çoxsaylı insan ölümünə səbəb olmaqla yanaşı, dünya ölkələrini bir sıra iqtisadi, maliyyə, sosial və səhiyyə problemləri ilə də üz-üzə qoyub:

“Dünyanın aparıcı ölkələri belə hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır. Koronavirus pandemiyasından ölkə vətəndaşlarının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması üçün Azərbaycanda aparılan siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət nəticələr verir.

Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma halları məhdudlaşdırılıb.

Düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir”.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov