Xalq artisti, kinorejissor Vaqif Mustafayev və Əməkdar İncəsənət xadimi, kinoşünas, kinorejissor Ayaz Salayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.
Bizimaz.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Biz bütün dünyanı cənginə alan koronavirus adlı bəşəri bəlanın karantinindən mürəkkəb, birmənalı olmayan hisslərlə ayrılırıq. Bu hisslərin içərisində dünyasını dəyişənlərə görə kədər də var, xəstələrə qarşı şəfqət də. Amma bu hisslərin fövqündə dayanan bir işıqlı duyğu da var ki, o da Sizinlə bağlıdır.
Qeyd edək ki, karantinin ilk günlərində insanlarda bir vahimə, bir çaşqınlıq vardı. Amma Sizin dərhal və uzaqgörənliklə verdiyiniz qərarlar, atdığınız qətiyyətli addımlar insanları düşdükləri təşvişdən qurtardı, xalqı bu bəladan xilas edəcəyinizə əminlik yaratdı. Siz ilk gündən hamımızın yanında oldunuz, tükənməz enerjinizlə, xalqımıza böyük sevginizlə hər bir Azərbaycan vətəndaşına ata, oğul, qardaş oldunuz, Mehriban xanımla birlikdə xalqı ruhdan düşməyə qoymadınız. Biz hətta məcburiyyət qarşısında ayrı-ayrı məkanlara qapanmamıza baxmayaraq, Sizin sayənizdə özümüzü bir daha dərin köklərə malik ailə kimi hiss etdik.
Bu bəşəri bəla göstərdi ki, dünyanın taleyini həll edən dövlətlər bir virusun qarşısında necə acizdir. Hətta nüvə silahına malik ölkələrdə adi tibbi ləvazimatlar, maskalar tapılmadı. Azərbaycan dövləti isə bu ağır şəraitdə Sizin rəhbərliyinizlə özünü itirmədi. Siz əlinizdən gələni, mümkün olan və olmayan hər şeyi etdiniz. Ölkəmiz həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində digər inkişaf etmiş ölkələrlə müqayisədə daha az itki verib.
Bəzi ölkələri ucsuz-bucaqsız əraziləri, minlərlə kilometr məsafələri qət etməyə qadir silahları, yüz illərə yetəcək qədər təbii sərvətləri dünyada söz sahibi edib. Amma pandemiya ətrafında baş verənlər sübut etdi ki, əslində dövlətin başlıca sərvəti və gücü nə nefti, nə silahı, nə də ucsuz-bucaqsız ərazisidir, əsl güc onun müdrik və möhtəşəm lideridir. Xalqımızın bu baxımdan bəxti gətirib. Ümummilli liderimiz Heydər Əliyev xalqı uçurumdan çıxardı, müstəqil dövlət qurdu, Siz isə dövlətimizi yüksəltdiniz, müstəqilliyin qürurunu yaşatdınız, indi isə bəşəri bəladan xilas etdiniz. Biz Sizin adi günlərdə də yüksək quruculuq fəaliyyətinizi görmüşük, indiki kritik günlərdə isə qətiyyətli, düşünülmüş addımlarınıza şahidik. Sizin sayənizdə ən çətin günümüzdə də bütün ölkələrə nümunə olduq.
Biz kino adamlarıyıq, baş verənləri istər-istəməz öz peşəkar prizmamızdan görürük. Dünya kinosunun şah əsərlərində sınaqlardan sonra həyat eşqi, ümid işığı yaranır. Biz bu ümid işığını indi həyatımızda görürük. Sizin ölkəmizin rifahı yolunda həyata keçirdiyiniz gözəl əməllərdən ruhlanır, Sizinlə fəxr edirik, cənab Prezident!
Sizi dəstəkləyir və hər zaman yanınızda olduğumuzu bildiririk. Sizə möhkəm cansağlığı arzulayırıq".
istinad