“Qeyri-formal məşğulluqla bağlı işlər artıq müəyyən müddətdir ki, aparılır və mənə müntəzəm olaraq məruzə edilir. Keçən il də bu istiqamətdə müsbət mənzərə müşahidə olunurdu, yəni, əmək müqavilələrinin sayı artır. Hesab edirəm ki, bu pandemiya dövrü hələ də kölgədə işləyənlər üçün bir dərs olmalıdır. Çünki mən dəfələrlə həm sahibkarlara, həm işçilərə müraciət etmişdim ki, kölgədən çıxın, əmək müqavilələri bağlayın. Əgər əmək müqavilələriniz olmasa, pensiya ala bilməyəcəksiniz, tibbi sığorta ala bilməyəcəksiniz. Əgər siz işsizsinizsə və qeydiyyata düşmürsünüzsə, işsizlik müavinəti ala bilməyəcəksiniz. Ona görə hesab edirəm ki, indiki şəraitdə əmək müqavilələrinin sayı qısa müddət ərzində 10 minlərlə artdı. İndiki şəraitdə bu sahəyə daha da böyük diqqət yetirməliyik”.
Bizimaz.az-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışında deyib.
Dövlət başçısı bildirib ki, həm maarifləndirmə istiqamətində, həm də əlbəttə ki, inzibati tədbirlər, monitorinq tədbirləri və institusional islahatlar nəticəsində biz qeyri-formal məşğulluğun əhatə dairəsini böyük dərəcədə daraltmaq mümkündür və bu istiqamətdə işlər davam etdirilməlidir: “70 min yeni əmək müqaviləsinin bağlanması göstərir ki, hələ də ehtiyatlar çoxdur və bu ağır vəziyyət bu gün kölgədə işləyənlər üçün də, necə deyərlər, bir yolgöstərici amil olmalıdır.
Ödənişli ictimai işlərə gəldikdə, biz ilin əvvəlində 37 min ödənişli iş yerinin yaradılmasını nəzərdə tuturduq. İndi bu pandemiyaya görə bunların sayı 50 minə çatıb. Amma yenə də baxın, əgər bölgələrdə xüsusilə buna əlavə tələbat yaranarsa, məlumat verin, bəlkə biz əlavə vəsait ayıraq ki, bu çətin dövr ərzində insanları işlərlə təmin edək”.
Prezident 12 min insanın özünüməşğulluq proqramına cəlb edilməsinin çox müsbət nəticə olduğunu da vurğulayıb: “Nəzərə alsaq ki, biz təqribən 3, 4, 5 minlə başlamışıq. Amma giriş sözümdə dediyim kimi, təqribən on minlərlə tələbat var. Əlbəttə ki, bu tələbatın ödənilməsi asan məsələ deyil. Çünki hər bir məsələyə ayrı-ayrılıqda baxılır, bəzi hallarda bəzi insanların bu işlərə qabiliyyəti çatmır, bəzi insanlar vasitələri alıb sonra onları satırlar. Belə hallar da var və dünya praktikası var. Mənə verilən məlumata görə, dünya praktikasında özünüməşğulluq proqramının uğur əmsalı təqribən, 50 faiz ətrafındadır, Azərbaycana gəldikdə, bu, daha çoxdur. Ancaq bu proqrama cəlb olunan vətəndaşlar bilməlidirlər ki, əgər onlara verilmiş imkanlardan düzgün istifadə etməsələr, bu imkanı itirəcəklər və ikinci dəfə onlara bu şərait yaradılmayacaq. Ona görə xahiş edirəm, əgər kiməsə vasitə verilirsə onu satmasın, ondan səmərəli şəkildə istifadə etsin ki, özü üçün davamlı, dayanıqlı gəlir mənbəyi yaratsın. Bizim əsas məqsədimiz budur ki, insanlar özləri üçün müstəqil gəlir mənbələri yaratsınlar və ailələrini saxlaya bilsinlər. Ona görə 12 min insanın imkanlarını araşdırmaq böyük vaxt tələb edir və burada meyarlar çox dəqiq ölçülüb-biçilməlidir ki, ədalət prinsipi tam təmin edilsin”.
Prezident İlham Əliyev qeyd edib ki, həssas təbəqənin qorunması indiki şəraitdə ən vacib məsələdir: “Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik. Azərbaycan xalqının əsrlər boyu yaşatdığı bu gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş etdirməlidir və nümayiş etdirir. Biznes dairələri öz təşəbbüsləri ilə imkansız adamlara kömək göstərirlər və mən bunu alqışlayıram. Bu, biznesin sosial məsuliyyətinin təzahürüdür. Kimin nəyə gücü, imkanı çatırsa kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin. Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək. Ancaq biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm. Yerli icra orqanları şərait yaratmalıdır ki, onlar bu yardımı daha böyük həcmdə etsinlər. O ki qaldı həssas təbəqədən olan tələbələrə, 17 min tələbənin ödənişi dövlət tərəfindən təmin ediləcək. Bu, çox gözəl addımdır və buna da tam nəzarət olmalıdır ki, heç kim bu proqramdan kənarda qalmasın”.
Dövlət başçısı kommunal ödənişlərlə bağlı güzəştlər edildiyini də bildirib: “Hesab edirəm ki, pandemiya ilə bağlı sosial paketin tam icra edilməsi karantin və pandemiya dövründə vətəndaşların yaşayışı üçün çox ciddi kömək olacaq.
Eyni zamanda, biz ilin əvvəlində nəzərdə tutulmuş proqramları da yaddan çıxarmamalıyıq. Bu haqda mən artıq giriş sözümdə dedim. Şəhid ailələrinin mənzillərlə təmin edilməsi – biz ilin sonuna qədər bu istiqamətdə də 1500 mənzilin verilməsini təmin etməliyik”.
istinad