Xəbər lenti

Biz Prezidentimizlə qürur duyuruq!



Qızıl Aypara Cəmiyyəti Qəbələ rayon bölməsinin sədri Sədaqət Bayramovanın müsahibəsi

-Sədaqət xanım, qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

-Bəzən gözləmədiyimiz məqamda başımızın üzərini qara buludlar alır. Belə hadisələri biz adətən təbiətdən gözləyirdik: sel, daşqın, tufan, zəlzələ və s. Ancaq, gözləmədiyiz bir vaxtda dünyamızın üzərinə qara bulud çökdü, bilmədiyimiz, eşitmədiyimiz, gözləmədiyimiz bir fəlakət – koronavirus. İlk eşidəndə bu bəla bizə o qədər də dəhşətli təsir etmədi. İnsanlar öz aralarında – Çində nə isə virus yayılıb, deyirdilər. Heç kim onun belə tezliklə yayılacağını, dünyanı cənginə alacağını, belə tez Azərbaycana da adlayacağını və fahiməyə səbəb olacağını, insanları dərin stresə salacağını düşünmürdü. Amma nə yaxşı ki, bizim dərin düşüncəli, tədbirli dövlətimiz var imiş. Yüksək inkişaf etmiş, sivil ölkələrin əhalisi bu fəlakətə barmaqarası baxıb, ölkələrinin virusun “tapdağında” can verdiyi məqamda ayıldıqları halda, korona adını dəqiq bilmədiyimiz ilk zamandan Azərbaycanda bu dəhşətə qarşı mübarizə tədbirlərinə başlandı. İlk əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Virusun yayılmaması üçün Qərargahın qərarı ilə mart ayının 3-də bütün tədris və məktəbəqədər müəssisələr bağlandı. Qonşu ölkələrdən virusun keçməməsi üçün xarici ölkələrdən gediş-gəlişə məhdudiyyət qoyuldu, əhali arasında təbliğat-təşviqat işləri genişləndirildi, əhalini məlumatlandırmaq üçün informasiya portalı yaradıldı, səhiyyə müəssisələri hazırlıq halına gətirildi, koronavirusla mübarizə üçün Dövlət Fondu yaradıldı , bütün kütləvi tədbirlərə qadağa qoyuldu və s. Bütün bu kimi tədbirlər vaxtında həyata keçirilməsə idi, yəqin ki, Azərbaycanda da virus bizi cənginə almışdı. İdarə və müəssisələrdə, təşkilatlarda iş dayandırıldı. İqtisadiyyata vurulan ziyanı azaltmaq üçün dövlət büdcəsindən 2,5 milyard manat vəsait ayrıldı. 65-yaşından yuxarı əhali həssas qrupa daxil olduğu üçün, onların küçəyə çıxmasına məhdudiyyət qoyuldu, onlara qulluq üçün sosial işçilər müəyyənləşdirildi. Xarici ölkələrdə yaşayan Azərbaycanlılar üçün xüsusi reyslər ayrıldı. Xaricdən transfer edilən əhali karantinə alındı. Son ayda Azərbaycanda yeni tikilib istifadəyə verilən, hər biri 200 çarpayılıq olan üç Avropa standartlarına cavab verən xəstəxana koronavirusa yoluxmuş xəstələrin ixtiyarına verildi. Bu bizim dövlətin, Prezidentimizin əhaliyə göstərdiyi qayğıdır. Fədakar həkimlərimiz ev-eşiklərini yada salmadan xəstələrin qayğısını çəkirlər. Evdə qalırıq, yeməyə çörəyimiz yoxdur – deyənlərə dövlət yardım ayırdı, maska, spirt yoxdur harayına dərhal tədbir görüldü. Görülən tədbirlərə biz nə ilə cavab verdik? Evdə qalmadıq, lüzum olmadığı halda küçəyə axışdıq, çölə çıxarkən qorunma qaydalarına riayət etmədik. Ölkə başçımız, birinci Vitse-prezident dəfələrlə xalqa sağlamlığımızın qorunmasına görə evdən çıxmamamız üçün müraciət etdilər. Məhz , tələblərə əməl etmədiyimiz üçün, karantin şərtləri sərtləşdirildi. Bu gün əhalidən nə tələb edilir, sağlamlığımızı qorumaq üçün evdən çıxmamaq. Niyə biz bir-iki ay sıxıntıya qalib gəlmək əvəzinə, millətimizi hansısa bir gözəgörünməz virusa qurban verməliyik? Gəlin laqeydliyi kənara qoyaq, özümüzü, sağlamlığımızı, əzizlərimizi və ən başlıcası vətənimizi qorumaq üçün #evdəqalaq. Bəzilərin işlətdiyi kimi “evdə darıxmayaq, sıxılmayaq”. Hər birimiz dövlət tərəfindən görülən çoxsaylı tədbirlərə riayət edək, hörmət qoyaq. Göründüyü kimi, həyata keçirilən saysız tədbirlərə baxmayaraq virus bizə də ayaq açdı. Xəstəliyə yoluxanların sayı günü-gündən artır, ölüm halları baş verib. İnsan üçün öz ailəsi, əzizləri yanında olmaq niyə darıxdırıcı, əzablıdır, mən bunu anlamlram. Mədəni olan hər kəs öz sağlamlığının qayğısına qalmalı, ətrafını, əzizlərini qorumalıdır. Bu bizim hər şeydən əvvəl vətəndaşlıq borcumuzdur və bunu dərk etmək hər bir Azərbaycan vətəndaşının borcudur.

-Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

-Bildiyimiz kimi, 2018-ci il Prezident seçkilərindən sonra Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə elan olunmuş əsaslı və hərtərəfli islahatlar dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, mərkəzi və yerli İçra Hakimiyyəti orqanlarında, hüquq-mühafizə, məhkəmə sistemində, digər qurumlarda aparılan struktur və kadr islahatları Azərbaycanın ictimai-siyasi və iqtisadi inkişafı sahəsində yeni təkan olmuşdur. Azərbaycan Pespublikasının qanunvericilik hakimiyyətini həyata keçirən Respublikanın Milli Məclisi də bu irimiqyaslı islahatlardan geridə qala bilməzdi. Ona görə də, ilin əvvəlində Milli Məclisin fəaliyyətinə xitam verildi və yeni seçkilərin keçirilməsi barədə qərar qəbul edildi. Azərbaycan Respublikasında çoxpartiyalı sistem mövcuddur. Dövlətin siyasətinin fərqli ideoloji baxışlarla zəngin olması üçün bu siyasi partiyaların rolu böyükdür. Ona görə də, VI çağırış Milli Məclisə seçkilərdə bütün partiyaların iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşdı və Prezidentin tövsiyyəsi ilə parlamentin rəhbərliyində və komitələrində bütün partiyaların təmsil olunması təmin edildi ki, bu da Respublikada demokratiyanın yüksək səviyyədə mövcud olduğunun göstəricisidir. Çoxpartiyalı parlament ölkəmizdə siyasi sistemin möhkəmləndirilməsində, siyasi münasibətlərin gücləndirilməsində böyük uğur olacaqdır. İslahatlar dövründə Prezident Administrasiyası demək olar ki, tam yeni tərkibdə formalaşmış, yeni şöbələr yaradılmışdır. Respublikada hakim YAP istisna olmaqla, digər partiyaların fəaliyyəti sönükdür. Bu partiyaların bir çoxunun ideologiyaları yoxdur. Onlar müstəqillik, dövlətçilik, sosial sahələrdə istiqamətlərini müəyyənləşdirərək fəaliyyət göstərmirlər. İqtidar partiyası olan YAP, dövlətimiz hər zaman digər siyasi partiyalara tərəf addımlar atmış, dəfələrlə dialoqa hazır olduqlarını bəyan etmişlər. Amma bir sıra partiyalar iqtidara yox, xalqa, dövlətə müxalifətdir. Məhz, yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriyilə bağlı Prezident Administrasiyasında “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsi yaradılmışdır. Biz bunu müsbət qiymətləndirir, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addım və parlamentin işinə verilən xüsusi əhəmiyyət kimi qəbul edirik.

-Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

-Prezident İlham Əliyev yeni formalaşmış Milli Məclisin ilk iclasında çıxışı zamanı parlamentin yeni tərkibini təbrik etmiş və deputatların qarşısında bir sıra mühüm fəzifələr qoymuşdur. İlk növbədə, qanunvericilik sahəsində mövcud olan qanunların təkmilləşdirilməsini birinci dərəcəli vəzifə kimi parlamentdən tələb etmişdir. Həmçinin Parlament qarşısında qəbul edilmiş qərarların icrasına nəzarət edilməsini, iqtisadi islahatların dərinləşdirilməsi işinə töhvə verən qanunlarön qəbul edilməsi, milli dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazasının daha da genişləndirilməsi, informasiya mühafizəsi ilə bağlı qanunvericilikdə yeni fikirlərin yer alması, şər-böhtan kampaniyasının, qara piarın aradan qaldırılması, sosial siyasətlə, şəffaflıqla bağlı, gənclər siyasəti ilə bağlı məsələlərə diqqət yetirilməsi, deputatların seçildikləri dairələrdə fəallıqlarının artırılması, onların mənəvi cəhətdən qüsursuz, xalq qarşısında cavabdeh olmaları, əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi və s. kimi məsələlər vəzifə olaraq qoyulmuşdur. Biz də bir seçici kimi əminik ki, xalqın elçiləri hər zaman onları seçən, deputat kürsüsündə əyləşdirən, onlara ümid yeri kimi baxan seçicilərin yanında olacaq və ümidlərini doğruldacaqlar. Respublika Prezidentinin onların qarşılarına qoyduğu vəzifələri şərəflə yerinə yetirəcəklər.

-Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?

-Azərbaycan Respublikasının Prezidenti çənab İlham Əliyevin atdığı hər bir addım humanist – insanların qayğısı, sağlamlığı, yaxşı güzəranı, sosial rifahının yüksəlməsi üçün atılan addımlardır. Son əfv fərmanı – ahılların, xüsusən ahıl qadınların azadlığa buraxılması, əzizlərinə qovuşdurulması, onların içərisində bəlkə də bəzilərinin az qalmış ömür paylarının əzizlərinin əhatəsində keçirməsinə şərait yaratması isə Allaha ən çox xoş gedən, ən humanist addımdır. Allah qorusun bizim insanpərvər, humanist, layiqli Prezidentimizi. Biz, vətənini sevən hər kəs onunla qürur duyuruq!

Samir Rəhimov
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov