Xüsusi karantin qaydalarına əsasən rayonlararası və şəhərlərarası bir sıra nəqliyyat vasitələrinin hərəkəti bu gündən tam məhdudlaşdırıldı.
Bizimaz.az ATV-yə istinadla xəbər verir ki, iaşə obyektlərinin də fəaliyyəti dayandırılacaq. Bir çox insanı məhz bu sual düşündürür.
Hansı iaşə obyektləri fəaliyyətini dayandıracaq? Sabahdan hansı avtomobillərin hərəkətinə icazə verilməyəcək?
Yeni karantin qaydaları ilə bağlı sizə qaranlıq qalan bütün məqamlara sujetimizdə cavab tapacaqsız.
Koronovirus təhlükəsinin qarşısını almaq üçün tətbiq olunan xüsusi karantin rejiminə əsasən bu gün gecə saat 00.00-dan rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırılıb. Yəni nə paytaxtdan bölgəyə, nə də bir bölgədən digər bölgəyə avtomobillərin gediş-gəlişi mümkün olacaq.
Yalnız xüsusi təyinatlı, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərinin hərəkətinə icazə veriləcək.
Xüsusi karantin rejiminə görə bu gündən bütün ictimai iaşə obyektləri, restoran, kafe, çay evləri yerində müştərilərə xidməti tam dayandıracaq. Bununla bağlı sözügedən obyektlərə xəbərdarlıq olunub.
Supermarketlər, ərzaq mağazaları, apteklər istisna olmaqla sabahdan müştəriyə yerində xidmətlə bağlı fəaliyyəti dayandırılan ictimai iaşə obyektləri yalnız evə götürmə, çatdırma və onlayn satış xidmətlərindən istifadə edə biləcəklər.
Bərbərxana və gözəllik salonları, ayaqqabı təmiri, tikiş sexləri və digər bu qəbildən olan obyektlərin fəaliyyəti əvvəlki qaydada davam edəcək.
Karantin qaydalarında məcburiyyət olmadan insanların küçəyə çıxmaması da daxildir. Polis idarəsinin əməkdaşları həm də küçələrdə insanlara yaxınlaşaraq karantin qaydalarına əməl etməyə çağırır.
Yaşından asılı olmayaq bu gün koronovirus infeksiyasından hər kəs özünü qorumalıdır. Çünki bu virus hər yaşda olan insana yoluxur və təhlükəlidir.