Dekabrın 23-də səhər saat 8.00-da Azərbaycan Respublikasının bütün ərazisində bələdiyyə seçkiləri başlayıb.
Bizimaz.az xəbər verir ki, seçkilərdə 41 min 462 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.
Səsvermə 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində keçirilir. Azərbaycanda mövcud olan 125 dairənin 7-si bu proseslərdə iştirak etmir. Çünki bunlar Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən dairələrdir.
Ümumilikdə, həmin dairələrdən başqa digər 7 dairədə də məcburi köçkün vətəndaşlarımız var və burada seçicilərin sayı 339 min 326 nəfərdir.
Zəruri avadanlıqla təmin edilmiş məntəqələrə 5 milyon 20 min 287 seçki bülleteni paylanılıb.
Səsvermədə iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir.
Bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 52 min 636 nəfərdir. Həmçinin 17 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı mətbuatda dərc olunub və MSK-nın internet səhifələrində yerləşdirilib.
Səsvermə saat 19:00-da başa çatacaq.
BAKU.WS