Mərhum prezident Heydər Əliyevin hakimiyyəti illərində jurnalistika fəaliyyəti göstərən və onunla tez-tez görüşmək imkanı əldə edən müxbirlər Ümummilli liderlə bağlı maraqlı xatirələrini danışıb.
Bizimaz.az: Axar.az vaxtilə jurnalistika ilə məşğul olan və hazırda bu və digər sahələrdə fəaliyyət göstərən KİV nümayəndələrinin ATV kanalına açıqlamalarını təqdim edir:
Millət vəkili Qənirə Paşayeva:
“Bütün görüşlərdə Heydər Əliyev jurnalistlərin suallarına cavab verirdi. Elə bir sual olmurdu ki, cavabsız qoysun. Cəmiyyətdə, dünyada jurnalistlərin, jurnalistikanın rolunu çox yüksək qiymətləndirən nadir adamlardan idi Heydər Əliyev. Bir ölkəyə getmişdik. Orada mətbuat konfransı keçirilirdi və həmin ölkənin rəhbəri ilə Heydər Əliyev birgə dayanmışdılar. Biz də jurnalistlər hamımız dayanıb suallar verirdik. Gördüm, Heydər Əliyev bu məqamda onların jurnalistlərinə baxır, daha sonra da çevrilib bizə baxır. Bir neçə dəfə təkrarlandı bu. Tədbirdən sonra yaxınlaşdım Heydər Əliyevə və bunun səbəbini soruşdum. Belə bir cavab verdi ki, sizinlə onların jurnalistlərini müqayisə edirdim.
“Siz onlardan daha yaxşı görünürdünüz. Həm davranışınız, həm suallarınız, həm də görünüşünüzə görə. Çox xoşuma gəldiniz”, - Prezident dedi.
Prezident Qazaxıstana rəsmi səfərə getmişdi. Biz də orada idik. Mən mətbuat konfransında Nursultan Nazarbayevə nə olur olsun, sual vermək istəyirdim ki, Qazaxıstan Bakı-Tiflis-Ceyhan-a qoşulacaq, ya yox? Jurnalistlərlə müzakirə edirdik ki, bu məsələyə Qazaxıstanın yanaşmasını necə öyrənək. Bir də gördüm qolumdan kimsə tutub. Dönüb baxdım ki, cənab Prezidentdir, yanında da Nursultan Nazarbayev. Nazarbayev Heydər Əliyevə məni göstərərək soruşdu ki, bu, sizin (Yəni Azərbaycanın) qızınızdır? Heydər Əliyev cavab verdi ki, bununla bacarmaq çətin məsələdir. Ardınca da bildirdi ki, nə olursa olsun, Bakı-Tiflis-Ceyhan kəməri reallaşacaq”.
Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov:
“Heydər Əliyevlə ilk tanışlığım 18-19 yaşıma təsadüf edir. Biz jurnalistlər çox olsaq da, Heydər Əliyev hamımızı adbaad tanıyırdı. Hərəyə fərqli yanaşırdı. Bilirdi ki, artıq bu hansı jurnalistdir, qələmi nədir. Ölkənin adını çəkmədən demək istəyirəm ki, bir dəfə böyük bir dövlətin general və marşallarının Heydər Əliyevə “Cənab Prezident, bizim prezidentin bu gərgin geosiyasi vəziyyətdə sizin məsləhətinizə ehtiyacı var” dediklərinin şahidi olmuşam. Peterburqda səfərdə idik. Bilirsiniz, orada bəyaz gecələr olur. Biz Prezidentlə ora gedəndə rusiyalılar bir ağızdan deyirdi ki, cənab Prezident, sizinlə birgə günəş gəlib vətənimizə. Onu necə sevirdilər orada, necə rəğbət bəsləyirdilər ona! Mətbuat konfranslarında çox vaxt deyirdi ki, kameraları söndürün, gəlin bir az söhbət edək. Hamımızdan bir-bir soruşurdu ki, nə probleminiz var, maaşınız normaldırmı, maddi çətinliyiniz yoxdur ki, nə isə bir kömək lazımdır?”
Jurnalist Aynurə Nəsirova:
“Heydər Əliyevlə ilk çəkilişim Hava Limanında olub. Ondan sonra dəfələrlə onun olduğu tədbirlərdə, konfranslarda olmuşam. Heydər Əliyev hamımızı demək olar ki, tanıyırdı. Hansısa tədbirdə birimiz olmayanda soruşurdu ki, filan müxbir hardadır, niyə gəlməyib? Türkiyəyə rəsmi səfərə getmişdi Heydər Əliyev. Mən də getməliydim jurnalist kimi. Bir problem oldu və gedə bilmədim. Jurnalistlərlə söhbəti zamanı görüb yoxam, müxbirimizdən soruşub ki, bəs o biri qız hanı, niyə gəlməyib o? Bunu mənə deyəndə o qədər qürurlandım ki! Mənə olduqca gözəl təsir etmişdi Heydər Əliyevin həmin tədbirdə mənim olmamağımı hiss etməsi. Ondan sonra çalışırdım ki, bütün tədbirlərində iştirak edim”.