Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
Bizimaz.az: Nazirlikdən Axar.az-a verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub:
“Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib”.
***
Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb.
Nazirlikdən bildirilib ki, hadisə yerinə artıq 5 briqada cəlb olunub.
Saat 09:50-yə olan məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.
***
Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.
***
FHN-dən verilən məlumata görə, Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurumlarının rəhbərləri hadisə yerindədir. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
Səhiyyə Nazirliyindən verilən son məlumata görə, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub:
"Saat 10:45-ə olan məlumata görə 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib".