Regional Hüquqi və İqtisadi Maarifləndirmə (RHİM) İctimai Birliyinin təşkilatçılığı ilə “Ailədaxili şiddətlə mübarizədə aydınların rolu” adlı tədbir və “Qadına qarşı zorakılığa yox deyək” adlı maarifləndirici sosial çarxın təqdimatı keçirilib.
Bizimaz.az: Axar.az xəbər verir ki, “Abşeron” oteldə keçirilmiş tədbirdə əvvəlcə sosial çarx nümayiş etdirilib. RHİM İB-in sədri Arzu Bağırova çıxış edərək Azərbaycan qadınının tarixin bütün dövrlərində cəmiyyətdəki rolu, Birinci vitse-prezident Mehriban Əliyevanın gənc qadınlarımız üçün gözəl örnək olması, qadının ailədə mövqeyi və ona verilən yüksək dəyərdən danışıb. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Qadınlara qarşı Zorakılıqla Mübarizə” həftəsi çərçivəsində keçirilən bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. O öz çıxışında ailədaxili şiddətdən söhbət düşərkən ailədaxili münasibətlərdə mənəvi psixoloji zorakılığın, sarsıntısının da aktual olduğunu bildirib.
Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman Səbinə Əliyeva geniş çıxış edərək məişət zorakılığı fonunda qadın hüquqları barədə məlumat verib, ailədaxili zorakılıq hallarının ailənin bütün üzvlərinə mənfi təsirindən danışıb. Selektiv abortlar, erkən nikah barədə danışan Ombudsman bu mövzuların omdusman aparatının diqqətində olduğunu xüsusi vurğulayıb.
Daha sonra V çağırış Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva bu cür aktual mövzuda tədbir keçirməsinin, maarifləndirici sosial çarxların əhəmiyyətindən danışıb. Deputat Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündə neçə-neçə günahsız qadın-qızlarımızın amansızcasına qətlə yetirildiyini, işgəncələrə məruz qaldığını vurğulayıb:
“Şiddətə heç bir bəraət verilə bilməz. Ailədə böyüyən uşaq şiddət mühitində tam yetkin vətəndaş kimi böyüyə bilməz. Şiddətin qurbanı əsasən qadınlar olduğuna görə əsas diqqət qadınlara şiddətə qarşı mübarizəyə yetirilir. Azərbaycan kişi aydınları sosial çarxda qadınlara qarşı şiddət əlehinə öz fikirlərini səsləndirdi. Bu ziyalılarımız cəmiyyətimizdə sayılıb seçilən və ailədə də örnək insanlardır. Ümid edirəm ki, onların qadınlarla bağlı yüksək fikirləri cəmiyyətimiz üçün də örnək olacaq”.
Daha sonra qardaş Türkiynın tanınmış sənətçisi, qadına qarşı zorakılığa qarşı mübarizədə fəal rol oynayan Haluk Ləvənt çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirib, kişiləri bu mövzuda daha fəal olmağa çağırıb. RİHM İctimai Birliyinin sədri Arzu Bağırova Haluk Ləvəntə fəaliyyətindən dolayı plaket təqdim edib, onun Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olmasını vurğulayaraq ona Qarabağ simvollarını özündə əks etdirən qalstuk hədiyyə edib.
Daha sonra Qarabağ qazisi, paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev Milli Məclisin V çağırış deputatları Aydın Hüseynov, Azər Badamov, xalq artistləri Mənsum İbrahimov və İlqar Muradov, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov və s. çıxış edərək ailədaxili zorakılığa qarşı mübarizə ilə bağlı fikirlərini bildiriblər.