Təxminən 25 milyon insanın yoluxduğu, 840 min insanın ölümünə səbəb olmuş koronavirus pandemiyasının cəmiyyətin bütün sahələrində olduğu kimi, mənəviyyat sahəsinə də təsirləri olub. Belə ki, dünyada bu xəstəliyin qarşısının alınması və onun fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən izolyasiya tədbirləri nəticəsində təhsil müəssisələri, mədəniyyət ocaqları və ibadət evlərinin fəaliyyətinə qadağalar qoyulub.
Bizimaz.az bildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə məlumat verib.
Onun sözlərinə görə, bütün bunların nəticəsində bu il müsəlmanlar Ramazan və Qurban, xristianlar Pasxa bayramlarını məscidlər və kilsələrdə qeyd edə bilməyiblər:
“Hətta hər bir mömin üçün vacib əməllərdən sayılan Həcc ziyarəti çox məhdud çərçivədə, yalnız Səudiyyə Ərəbistanında olan azsaylı müsəlmanlar tərəfindən yerinə yetirildi, dünya müsəlmanlarının Kəbə evini ziyarət etmələrinə icazə verilmədi.
Eyni zamanda, İran və İraqda yerləşən, azərbaycanlı zəvvarların da ziyarət etdiyi müqəddəs məkanların fəaliyyətinə müəyyən qadağalar tətbiq olundu.
Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə hələ ilk yoluxma halı qeydə alınmamışdan əvvəl başlanıldı. Xəstəliyə qarşı mübarizə tədbirləri Prezident İlham Əliyev tərəfindən nəzarətə götürüldü, əhalinin sağlamlığı və insan həyatının qorunması əsas istiqamət kimi müəyyənləşdirildi.
Bu məqsədlə yaradılmış Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən xəstəliyin yayılma dinamikasına uyğun olaraq müxtəlif qərarlar qəbul edildi. Onlardan biri olan 17 mart 2020-ci il tarixli qərara əsasən, ölkə ərazisində qapalı məkanlarda – təhsil müəssisələrində, böyük ticarət mərkəzlərində, mədəniyyət ocaqlarında kütləvi tədbirlərin keçirilməsi qadağan olundu.
Bu qərardan sonra mart ayının 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bölgə qazıları və səlahiyyətli nümayəndələrin iştirakı ilə iclas keçirildi, məscid və ziyarətgahların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edildi”.
QMİ-nin tövsiyələrinə əsasən, Ramazan ayı mərasimləri və Qurban bayramı namazının məscidlərdə yerinə yetirilmədiyini vurğulayan C.Əlifzadə bütün möminləri dövlətin pandemiyaya qarşı apardığı mübarizəyə dəstək olmağa səsləyib:
“Müşahidələrə əsasən deyə bilərik ki, dövlətimizin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini hər kəs, o cümlədən, möminlər və din xadimlərimiz anlayışla qarşılayıb, bununla bağlı lazımi maarifləndirmənin aparılması istiqamətində səylərini əsirgəməyiblər, xalqa mənəvi dəstək veriblər.
Karantin rejimi dövründə dini ayin və mərasimlərin keçirilmə qaydaları məsələsi avqust ayının 20-də QMİ tərəfindən videokonfrans formatında təşkil edilən Məhərrəm ayına həsr olunmuş iclasın əsas mövzusu olub.
Geniş müzakirələrdən sonra QMİ-nin bölgə qazıları və səlahiyyətli nümayəndələrinin qəbul etdiyi bəyanat oxundu. Bəyanatda ölkədə karantin rejiminin bitmədiyi və mütəxəssislərin rəyi nəzərə alınaraq, Məhərrəmlik mərasimləri və təziyyə məclislərinin məscidlərdə keçirilməməsi tövsiyə olundu.
Qeyd edilənlərlə yanaşı, bildirməliyik ki, bir qrup şəxs tərəfindən Azərbaycanda koronavirusa yoluxma sayının azalması, bir sıra sahələrdə karantin rejimi qaydalarının yumşaldılması, o cümlədən, bəzi dövlətlərdə ibadət evlərinin müəyyən şərtlərlə fəaliyyətə başlaması əsas gətirilərək, ölkəmizdə məscidlərin açılması ilə bağlı müzakirələr başladıldı və çağırışlar səsləndirildi.
Onlardan bəziləri bunu Məhərrəm ayı ilə əlaqələndirərək, məscidlərdə kütləvi tədbirlərin keçirilməsinə icazə verilməməsində Azərbaycan hökumətinin hansısa marağının olduğunu iddia etdi. Hətta bunu ölkəmizdə məhərrəmlik təziyyə məclislərinin qadağan olunması kimi təqdim etməyə, müstəqil Azərbaycanın din-dövlət münasibətlərini xalqımızın mədəniyyətinə, mənəviyyatına ağır zərbə vurmuş Sovetlər dövrü ilə müqayisəsini aparmağa, möminlərimizin səmimi duyğularından yararlanmağa çalışdılar.
Qısaca qeyd etməliyik ki, koronavirus pandemiyasına qarşı mübarizədə hər bir ölkənin özünün yanaşması vardır, dövlətlər səhiyyə, eləcə də, sosial, siyasi və iqtisadi imkanlarına əsasən tədbirlər həyata keçirirlər.
Aparılmış işlər sayəsində Azərbaycan qonşu ölkələrlə müqayisədə, ümumiyyətlə, dünyada yoluxma və ölüm hallarının sayının ən az olduğu ölkələrdəndir. Bizə nümunə kimi göstərilən bəzi ölkələrdə karantin qaydaları yalnız tibb mütəxəssisləri arasında deyil, din xadimləri və ilahiyyatçı alimlər arasında da ciddi fikir ayrılıqları yaşanıb. Bəzi din alimləri möminlərə kütləvi tədbirlərdən çəkinmələri barədə xəbərdarlıq edib”.
“Ümumiyyətlə, insanların sağlamlığı və həyatının qorunması üçün atılan addımlara laqeyd münasibət bəsləmək, qarşı çıxmaq və buna dini don geyindirmək məsuliyyətsizlik və cəhalətdir.
Eyni zamanda, məhərrəmlik məclislərinin, İmam Hüseyn əzadarlığının karantin rejimi qaydalarına uyğun, müəyyən məhdudiyyətlərlə qeyd edilməklə qısa dövr ərzində unudulacağı iddiasında olmaq, buna möminlərimizin inanmasını gözləmək bəsirətsizliyin, Azərbaycan xalqının öz keçmişinə sədaqətindən xəbərsizliyin əlamətidir. Ümid edirik ki, bunlar ani unutqanlığın təsirindəndir”, - deyə C.Əlifzadə qeyd edib.
Artıq Məhərrəm ayının doqquzuncu günüdür. Bugünədək aparılan müşahidələrdən danışan C.Əlifzadə ökəmizdə möminlərin təziyyə mərasimlərini QMİ-nin bəyanatındakı tövsiyələrə uyğun təşkil etdiyini deyib:
“Din xadimlərimiz televiziya və internet resusları üzərindən maarifləndirmə işi aparırlar. Sosial şəbəkələr vasitəsilə canlı yayımlar edir, İmam Hüseynin həyatı, onun mübarizəsinin mahiyyəti, o cümlədən, İslam dininin digər ali dəyərləri barədə moizələr oxuyurlar.
Hər ötən gün sosial şəbəkələrdə belə dini söhbətlərə və moizələrə baxış sayı artmaqdadır ki, bu da insanların dini biliklərinin yüksəlməsinə, onlarda radikalizmə və xurafata qarşı immunitet yaranmasına xidmət edir”.
Sabah keçiriləcək Aşura mərasimi barədə danışan C.Əlifzadə insanların qanvermə aksiyasında iştirakı ilə bağlı məsələyə də münasibət bildirib:
“Möminlərimiz bu axşam Tasua gecəsini, sabah isə Aşura gününü qeyd edəcək. Hər il olduğu kimi, sabah qanvermə aksiyası keçiriləcək. Artıq ünvanlar məlumdur və hər kəsi bu aksiyaya qoşulmağa dəvət edirik. Eyni zamanda, insanları kütləvi tədbirlərdən çəkinməyə çağırırıq.
Unutmamalıyıq ki, hələ koronavirusla mübarizə davam edir. Ekspertlərin açıqlamasına görə, onun müalicəsi və ya peyvəndi hazır olanadək bu mübarizə davam edəcək. Artıq neçə aylardır ki, həkimlərimiz, əsgərlərimiz, polislərimiz böyük əzmlə çalışırlar.
Onlardan bəziləri evlərinə, ailələrinin yanına belə gedə bilmirlər, bəziləri bu mübarizədə həyatlarını itiriblər. Düşünürəm ki, biz hamımız bu bəlanın tezliklə bitməsi üçün, eyni zamanda, risk qrupuna daxil olan yaşlı insanlarımız, analarımız, atalarımız, nənə-babalarımız və xəstə yaxınlarımız üçün səylərimizi birləşdirməliyik: ara məsafəsi saxlamaqla, fərdi gigiyenaya diqqəti artırmaq və qorucu vasitələrdən istifadə etməklə”.