Metabolik cərrahiyyə mütəxəssisi Gurdal Ören suyun bədən üçün əhəmiyyətindən danışıb və gündə nə qədər su içmək lazım olduğu barədə məlumat verib.
Bizimaz.az Publika.az -a istinadən xəbər verir ki, türkiyəli həkim bütün bədənin və hüceyrələrin sudan ibarət olduğunu deyib.
"Lakin günün böyük əksəriyyətini evdə keçirən xanımla mədən işçisinin su ehtiyacı eyni ola bilərmi? Yaxud da gəzə bilməyən, bütün gününü yataraq keçirmək məcburiyyətində qalan bir xəstə ilə məktəbə və ya işə saatlarla gedən birinin? Təxmin edirəm ki, suala cavabımız eynidir. Əlbəttə ki, müxtəlif həyat tərzi sürən insanların su ehtiyacı eyni ola bilməz.
Həyat tərzi fərqlidirsə, ehtiyac da fərqlidir. Ancaq burada tək səbəb hərəkətli və ya hərəkətsiz həyat tərzi deyil. Elmi tədqiqatlar göstərib ki, bədənin lazım olduğundan su qəbul etməsinin heç bir faydası yoxdur. Biz gün ərzində yalnız tərləmə yolu ilə orta hesabla yarım litr su itiririk. Nəfəs verərkən belə, ağız və burnunuzdan çıxan havayla gündə orta hesabla 237 millilitr su itiririk. Sidik və nəcis yolu ilə də hər gün 1.4 litr suyu çölə atırıq. Bu da təxminən 2 litrə bərabərdir. Bədənin gündəlik suya ehtiyacı 2 litrdən çox olmalı deyil”.
Gürdal Örenin sözlərinə görə, meyvə və tərəvəzlərdə olan su bədənin su ehtiyacının bir hissəsini ödəyir: "Xiyar, pomidor, alma, ərik, əncir, qovun, portağal, qarpız, hətta bananların demək olar ki, 90 faizi sudur. Odur ki, xərclədiyimiz qədər su içmək kifayətdir”.
Cərrah bir çox mütəxəssisin “Arıqlamaq üçün bol su için” formulunu yalan adlandırıb:
"Çox kök insanlar az su içdikləri üçün bu vəziyyətdədir? Yaxud da ətrafınızda gündə sadəcə bir stəkan su içdiyini deyən insanların hamısı kökdür? Əlbəttə ki, xeyr. Yəni tək həll yolu yalnız su içmək deyil, kalori qəbulunu azaltmaq və daha çox kalori yandırmaq lazımdır. Mədə, bağırsaq və böyrək, dəri və saç sağlamlığı üçün su əlbəttə ki, faydalıdır. Ancaq köklük problemini sadəcə su ilə əlaqələndirmək doğru deyil. Arıqlamaq üçün hər gün sağlam qidalanmaq, faydalı qidalar qəbul etmək, hərəkət etmək əsasdır”.