“Azərbaycan Dəmir Yolları” (ADY) QSC ölkənin dəmir yollarının 140 illiyi ilə bağlı videoçarx hazırlayıb.
Bizimaz.az “Report”-a istinadən xəbər verir ki, videoçarxda dəmir yollarının inkişafı, keçdiyi yol əks etdirilib.
Bununla yanaşı, videoçarx 28 May - Respublika Günü ictimaiyyətə təqdim edilib. Videoçarxda ölkənin dəmir yollarının ikinci dünya müharibəsi zamanı qələbənin əldə edilməsində, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, müstəqil Azərbaycan Respiblikasının qurulmasında önəmi bəhs edilir.
Videoçarxda sadə insan əməyinin, iradəsinin böyük uğurlara səbəb olduğu, insanların birlikdə daha güclü olduğu vurğulanır.
Xatırladaq ki, 1878-ci ildə dövlət fərmanına əsasən, Azərbaycanda ilk dəmir yolunun - uzunluğu 20 km olan Bakı-Suraxanı-Sabunçu xəttinin çəkilişinə başlanıldı. Tikinti 20 yanvar 1880-ci ildə başa çatdırıldı. Dünyada ilk dəfə olaraq nefti sisternlərdə daşımağa başladılar. Həmin gün tarixə Azərbaycanda dəmir yolunun əsasının qoyulması kimi düşdü. Sonrakı 20 il dəmir yolu tikintisinin yüksək inkişafı ilə qeyd olunub. 1883-cü ildə neftin Qara dəniz limanlarına çatdırılması üçün Bakı-Tbilisi-Batumi, 1890-cı ildə isə Biləcəri-Dərbənd magistral xətləri çəkildi. 1900-cu ildə Dərbənd-Tixoretskaya xəttinin tikintisinin başa çatdırılmasından sonra Bakı şimal istiqamətində ümumrusiya dəmir yolları şəbəkəsi ilə birləşdirildi, bu da Bakı neftinin dəmir yolu ilə Rusiyanın mərkəzi və qərb rayonlarına çatdırılmasına imkan yaratdı.